İctimaiyyət

Həbsdə olun Yunis Səfərov işgəncəyə məruz qalır

“Oğlum Yunis Səfərovun ağır işgəncə, fiziki və psixoloji təsir, həddən artıq ağır şərtlər altında həbsdə (əslində əsirlikdə) saxlanılması hər kəsə məlumdur. Oğlumun öldü-qaldısından belə xəbər tuta bilmirik. Oğluma verilən işgəncələr öz bəhrəsini artıq verib. Hətta soyadını belə kiril əlifbası ilə yazan, təhsilini rus dilində alan, Rusiya vətəndaşı olan oğluma Baş Prokurorluq latın qrafikasında yazılmış ərizə aparıb və onu məcbur edib ki, həmin ərizənin hərflərini olduğu kimi köçürsün kağıza”.

Bu sözləri ictimaiyyətə müraciətində Gəncə Şəhər İcra Hakimiyyəti başçısı olmuş Elmar Vəliyevə sui-qəsdə təqsdirləndirilən Yunis Səfərovun anası Leylaxanım İsmayılova deyir.

“Beləliklə, oğluma ərizə yazdırıblar, guya vəkil Elçin Sadıqov ona təsir edib ki, işgəncə barədə ifadə versin, əslində isə o, işgəncəyə məruz qalmayıb. Bunların hamısı keçən həftənin sonu baş verib. Oğlum bunu yazmaqdan imtina edəndə onu yenidən “Bandotdel”ə (DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red) aparıb elektrik işgəncəsi verməklə hədələyiblər.

Bununla prokurorluq Elçin Sadıqova qarşı saxta ərizə yazdırmaqla yanaşı, oğlumun işgəcəyə məruz qalması ilə bağlı özlərinin cinayətlərini ört-basdır etməyə çalışır. Eyni zamanda ölkədə insanlara və vəkillərə belə bir düşüncə aşılayır ki, məhbusları vicdanla müdafiə etməyin, onları istənilən vaxt sizin əleyhinizə çevirə bilərik. Hamı başa düşür ki, onların əlində olan əsiri hər şeyə məcbur edə bilirlər. Əsirləri belə hallara məcbur edənlər utansınlar. Heç erməni əsirliyində olan Dilqəmlə Şahbazı vəkillərinə qarşı ərizə yazmağa məcbur etmədilər, bunlar oğlumla ermənilərdən də betər rəftar edirlər. Ermənilər heç olmasa icazə verirlər ki, Şahbazla Dilqəm ailələrinə məktub yazsınlar, ancaq bizdə ona da icazə vermirlər”.
Leylaxanım İsmayılova deyir ki, oğlunu heç məhkəmə iclaslarına da gətirmirlər.

Leylaxanım İsmayılova bir müddət əvvəl də oğluna vəkilinin əleyhinə ifadə verməsi üçün işgəncələr verildiyini demişdi.

Bu il, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalıb. Hadisə ilə bağlı Rusiya vətəndaşı, əslən gəncəli olan Yunis Səfərov həbs edilib.

Daha çox göstər
Back to top button