Ekonomika

İqtisadçı: “Milyardlarla manat maliyyə korrupsiya meyilli infrastruktur layihələrə yönəlidi”

Azadlıq Radiosunun xəbərinə görə, iqtisadçı Nemət Əliyev də hesab edir ki, hökumət normalda neftin qiymətlərinin artmasından istifadə etməli və vəsaitləri qeyri-neft sektorunun inkişafına istiqamətləndirməlidir:

“Milyardlarla manat maliyyə korrupsiya meyilli infrastruktur layihələrə yönəlidi”

“Hökumət elə bir xətt götürməlidir ki, qeyri-neft sektorunda çalışan əmək qabiliyyətli əksər insanların həyat səviyyəsi yüksəlsin. Çox təəssüflər ki, hökumət əvvəlki illərdə neftin gətirdiyi üstünlüklərdən istifadə edə bilmədi. Milyardlarla manat maliyyə korrupsiya meyilli infrastruktur layihələrə yönəlidi. Nəticədə, vəsaitlər təyinatından yayındırılıb xüsusi şəxsi maraqların təmin olunmasına istiqamətləndirildi. Bir müddət sonra ictimaiyyət infrastruktur sahəsində həyata keçirilmiş işlərin böyük fəsadlar verdiyinin şahidi oldu. Yol, keçid, körpü infrastrukturuna baxın, nəzərdə tutulan müddətlər başa çatmadan çatlar, dağıntılar ortaya çıxdı. Yaxud kanalizasiya xətlərinə milyonlar xərclənib, amma yağış yağanda paytaxtın əksər hissəsi suyun altında qalır”

Nemət Əliyevin sözlərinə görə, hökumət yenə də neftin qiymətinin artmasından düzgün nəticələr çıxartmır:
“Qiymətlərin artması insanların həyatında ifadə olunmur. Məsələn, neftin qiyməti 3 dəfəyə yaxın artsa da, əhalinin maaşlarında bu qədər artım yoxdur. Yaxud yeni iş yerlərinin artmasında özünü ifadə etmir, yoxsulluq və işsizlik səviyyəsi dəyişməz olaraq qalır. Əgər, hökumət maliyyə vəsaitlərindən düzgün istifadə etməsə, korrupsiyanın, monopoliyanın qarşısının alınması yönündə təsirli tədbirlər görməsə, əhalinin yaşayış səviyyəsi pisləşməkdə davam edəcək. Çox təəssüf ki, yanlışlıqlardan düzgün nəticə çıxartmaq təəssüratı görünmür”.

Daha çox göstər
Back to top button