Lənkəran şəhərində kanalizasiya məsələsində problemlər qalır

Azadlıq Radiosu: “Kanalizasiyamız yoxdur. Ayaqyolu anbarı var. Dolandan sonra maşına 50-60 manat veririk, çirkabı daşıyır. Şəhər küçələrinin kənarlarında arxlar var, qalan sular oraya axıdılır. Hər yerdə üfunət iyi gəlir.Biz artıq, öyrəşmişik. Gələn qonaqlar isə burunlarını tuturlar.”
Lənkəran şəhərinin Vaqif küçəsində yaşayan bir sakin əli ilə çirkab suyu axan arxı göstərib sözünə davam edir:
“ Bu arxlar 50-60-cı illərdə salınıb. İldə 1-2 dəfə təmizləyirlər ki, çirkab axsın.”
Şəhərin baş çəkdiyimiz daha bir neçə küçəsində də eyni vəziyyət var. Evlərdən gələn çirkab suları arxlara tökülür. Şəhərin 21-ci məhəlləsində sakinlərdən biri deyir ki, yağış yağanda vəziyyət daha da dəhşətli olur:
“Yağış şiddətli yağanda su ətrafı basır. Çirkab sulları daşır.Yaxşı ki, içməli su çəkiblər. Əvvəllər çirkab suları quyu sularına qarışardı. Elə bu xəstəlikdir də. Deyirlər ki, bu yerlər dəniz səviyyəsindən aşağıdır. Ona görə də yağış yağan kimi həyətləri, yolları su basır.Yığışıb icra hakimiyyətinə məktub göndərdik ki, bizə normal şəkildə kanalizasiya xətti çəksinlər. Söz verirlər, icra etmirlər.”
Şəhərdəki bir sıra iaşə obyektləri zibillərini bu su arxlarına atırlar. Şəhər sakini Rahim Nuriyev deyir ki, kanalizasiya dərdi bir yana, şəhəri zibil basıb.
Şəhərin mikrorayon adlanan ərazisində vəziyyətin daha ağır olduğunu deyirlər. Burda 4 və 5 mərtəbəli yaşayış binaları var. Kanalizasiya olamdığından çirkab suları binaların ətrafında qazıılmış anbarlara axıdılar. Anbarlar daşır, çirkab suları ətrafə yayılır. Sakinlər deyirlər ki, binaların zirzəmilərində də çirkab suları var.
Lənkəran şəhərinə içməli su çəkilsə də kanalizasiya məsələsində problemlər qalır. Ölkə prezidenti ötən il də bununla bağlı sərəncam verib. Həmin sərəncamla Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti-nə (ASC) 2,1 milyon manat pul ayrılıb.
Son hesabalamalara görə, Lənkəran şəhərinin 52 min 500-dən çox sakini var.