Bakıda DYP-nin reydi: 100-ə yaxın avtobus sürücüsü reysə müayinədən keçmədən çıxır

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ötən gecə Bakının Yasamal, Nərimanov, Səbail, Nizami və digər rayonlarda ictimai nəqliyat sahəsində yoxlamalar aparıblar.
Daxili İşlər Nazirliyindən “Report” agentliyinə bildiriblər ki, yoxlamalar nəticəsində məlum olub ki, həmin ərazilərdə təxminən 100-ə yaxın avtobus işdən sonra binaların həyətlərində, səkilərdə, yolun hərəkət hissəsində və digər qanunla qadağan edilmiş ərazilərdə saxlanılır.
“Yanacaqdoldurma məntəqələrini və ətraf əraziləri özünə dayanacaq seçən avtobus sürücülərinə də rast gəlinib”.
Nazirlikdən bildirilib ki, səhər saat 6-7 radələrində isə həmin sürücülər heç bir tibbi müayinədən keçmədən, nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmadan sükan arxasına əyləşərək sərnişindaşıma ilə məşğul olurlar.
“Bu isə ictimai nəqliyyat sahəsində təhlükəsizliyin tam təmin edilməsinə ciddi əngəl yaradır. Araşdırma zamanı həmçinin müəyyən edilib ki, reysə çıxan sürücülər hər gün tibbi müayinədən keçməli olduqları halda bəzi sərnişindaşıma şirkətləri həmin sənədi avtobusu idarə edən şəxslərə aylıq təqdim edirlər”.
Dövlət Yol Polisi sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırıb ki, sərnişin daşıma sahəsindəki normativ aktlar və qaydalara əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalıdır.
“Qarajda nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmaldır. Sürücülər isə hər gün reys qabağı tibbi müayinədən keçirilməlidirlər. Sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər bunu mütləq şəkildə təmin etməlidirlər”.
Oktyabrın 1-də Binə qəsəbəsində avrobusun qatarla toqquşması nəticəsində 40-dan çox insan xəsarət alıb, iki nəfər, o cümlədən 13 yaşlı məktəbli ölüb.