Azərbaycanda bu gün doğulan körpələr nə itirir

Azərbaycan, Ekvador, Meksika və Tailand kimi ölkələrdə bu gün dünyaya gələn uşaqlara tam təhsil verilsəydi, sağlamlıqlarının qayğısına tam qalınsaydı, gələcəkdə 40% daha məhsuldar işçilərə çevrilərdilər. Mərakeşdə, Əl-Salvadorda, Tunisdə və Keniyada doğulan uşaqlarsa 50% daha məhsuldar ola bilərdilər.
Azadlıq Radiosunun xəbərinə görə, bunu Dünya Bankı bu gün açıqladığı İnsan Kapitalı İndeksində bildirir.
İndeksdə bildirilir ki, dünyada doğulan uşaqların 56 faizi həyatları boyu potensial qazanclarının yarıdan çoxunu itirəcəklər. Niyə?
Çünki hökumətlər hazırda əhalisinin səhhətinə, sağlamlığına səmərəli investisiya qoymur.
İnsan kapitalı – bilik, bacarıqlar və sağlamlıq 20-ci əsrdə bir çox ölkələrin, özəlliklə də Şərqi Asiya ölkələrinin davamlı iqtisadi artımında, yoxsulluğu azalda bilməsində əsas faktor olub.
Məsələn, ölkə 0,5 bal toplayıbsa, bu o deməkdir ki, onun sakinləri və ölkə özü bütünlükdə gələcək iqtisadi potensialının yarısını əldə vermiş olur. 50 illik zaman kəsimi üzrə hesablayanda, bu, özünü dərin iqtisadi itkilərdə göstərir: ÜDM artımında 1,4 faizlik illik itki deməkdir.
Azərbaycan 157 ölkə içində 69-cu yerdədir. Gürcüstan 61, Ermənistan 78, Rusiya 34, İran 71-ci pillədə qərarlaşıb.