Millət vəkili rus sektoruna axına qarşı çıxdı

“Bu gün Azərbaycanda rus dilində təhsil alanların sayında artım müşahidə olunur. Nədənsə, ölkədə uşaqların ilkin təhsil olaraq rus bölmələrində təhsil almasına daha çox üstünlük verilir. Bu, yanlış meyildir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Gövhər Baxşəliyeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, Azərbaycanda uşaqların rus dilində təhsilə meyillənməsinin qarşısı vaxtında alınmalıdır: “Bunu rus dilinə qarşı çıxmağım kimi qiymətləndirilməsini istəmirəm. Rusiya Azərbaycanla dost dövlətdir. Rus dili də ingilis dili kimi xarici dil kimi tədris olunmalıdır. Bunun saatlarının artmasının heç kim əleyhinə olmamalıdır. Lakin uşaqların birinci sinifdən rus sektoruna meyllənməsi kökündən yanlışdır. Ziyalılar bu istiqamətdə iş aparmalıdır. İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır. Çünki ilkin təhsil uşaqların şəxsiyyət kimi formalaşması dövrünə təsadüf etdiyindən bu, gələcəyimiz üçün çox vacibdir”.