Bakıda etiraz: ölən hərbçilərin müavinəti niyə verilmir?

Bakıda bir qrup hərbi qulluqçu ailəsi oktyabrın 16-da Şəhidlər Xiyabanına toplaşıb. Onlar həlak olan yaxınlarına görə birdəfəlik müavinət-sığorta pulu ala bilmədiklərindən şikayətləniblər.
«Prezident İlham Əliyev şəhid ailələrinə birdəfəlik 11 min manat verilməsi üçün sərəncam imzaladı. Bu, böyük qayğı idi. Müharibə aparan dövlət bu insanların hüquqlarını qorumalıdır. Amma bir qrup insan var ki, bu hüquqdan yararlana bilmir».
«Report» xəbər verir ki, bunu Milli Məclisin oktyabrın 16-da keçirilən iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, həmin insanların bir qismi müraciət edərkən mənfi cavab alırlar.
Məsələyə parlamentin sədri Oqtay Əsədov da münasibət bildirib.«Ümumiyyətlə, yanaşma dəyişilməlidir. Hər şeyi Milli Məclis edə bilməz ki? Parlament şəhid ailələri ilə bağlı nə mümkündürsə etdi, iclaslar keçirdi, müraciətlər etdi. Prezidentin müvafiq sərəncamından sonra bu məsələ həllini tapmalıdır. Tövsiyə edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, «Azərsığorta»nın əməkdaşları parlamentə dəvət edilsin, məsələ müzakirə olunsun», – deyə o vurğulayıb.
“Azərbaycanda 60 min müharibə veteran var. Vaxtilə haqqı olan insanlar kənarda qalıb, haqqı olmayanlar veteran vəsiqəsi alıblar, haqqı olanların haqqını mənimsəyiblər”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
“Qeyd etdiyim rəqəm sırf birinci Qarabağ müharibəsi ilə bağlı olanlardır. Bu, kifayət qədər böyük rəqəmdir. Hazırda veteran vəsiqələrinin verilməsi qanunvericiliklə tənzimlənir”, – deputat əlavə edib.
S.Novruzov şəhid ailələrinə verilən müavinət məsələsinə də toxunub. O deyib ki, bəzən vəsaitin alınması ilə bağlı ailə üzvləri arasında fikir ayrılığı olur: “Valideyn deyir ki, şəhid olan mənim övladımdır, vəsait mənə verilməlidir. Həyat yoldaşı da vəsaiti özü istəyir. Qanunvericiliyə görə, vəsait şəhidin ailə üzvünə ödənilməlidir. Bu məsələ qanunvericiliklə tənzimlənsə də, müəyyən problemlər qalmaqdadır”.