Siyasət

“Azərbaycanın rəsmi statistikasında yoxsulluqla bağlı rəqəmlər gülüş doğurur”

Azərbaycan hökumətinin məlumatlarına əsasən, 2003-2017-ci illərdə Azərbaycanda 1,4 milyonu daimi olmaqla, 1,9 milyon yeni iş yeri yaradılıb, məşğulluq imkanları əhəmiyyətli şəkildə artmaqla, əmək bazarında sabitlik, işsizliyin 5 faizə enməsi təmin olunub.

Daha sonra rəsmi məlumatda qeyd olunur ki, son 15 ildə pensiyalarda 11,3 dəfə, ümumilikdə dövlət büdcəsinin sosialyönümlü xərclərində 10 dəfə, o cümlədən sosial müdafiə və sosial təminat xərclərində 11 dəfə artım olub.

İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə söhbətində xatırladıb ki, dünyada yalan və rəsmi statistika deyimi var.

“Bu baxımdan Azərbaycanın rəsmi statistikasında yoxsulluq və işsizliklə bağlı yer alan rəqəmlər gülüş doğurur”.

Onun sözlərinə görə, rəsmi statistikada yalnız qeydiyyata düşənləri işsiz kimi göstərirlər.

“Son zamanların məlumatında 90-100 min əhalisi olan rayonlarda 1 nəfər işsiz göstərilir. Normal, iqtisadiyyatı sabit olan ölkələrdə işsizlik 8-11 faizdir. Amma Azərbaycanda işsizlik faizi daha yüksəkdir. Bu rəqəmləri heç də təftiş etməyə ehtiyac yoxdur. Sadəcə, sosial sığortada qeydiyyata düşənləri götürmək olar, təqribən 2,3 milyondur”.

N.Bəydəmirli deyib ki, bunların da əhəmiyyətli hissəsi pay torpağı olan adamlardır. Onun sözlərinə görə, belə adamları işçi kimi qeydiyyata alıblar, amma əksəriyyəti sosial sığorta haqqı ödəmir.

“İşsizi olmayan ölkədə dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna subsidiya verilməməlidir. 8-11 faiz işsiz olan ölkələrdə pensiya orta əməkhaqqının 70-75 faizi olur. Bu rəqəmləri müqayisəli analiz etdikdə, işsizliklə bağlı rəsmi rəqəmlərin reallıqdan çox uzaq olduğu ortaya çıxır. Bunları elə yoxsulluq haqda məlumatlara da aid etmək olar”.

Nazim Bəydəmirli çox təəssüflənir ki, Azərbaycan beynəlxalq təşkilatların aclıq və yoxsulluq barədə açıqladığı siyahıda aşağı yerlərdədir, sondan üçüncü.

“Bu, o deməkdir ki, əhalinin əhəmiyyətli hissəsinin gəlirləri Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının təsdiq etdiq etdiyi 2 dollardan aşağıdır. Bu adamlar aclıqdan və yoxsulluqdan əziyyət çəkirlər”.

Daha çox göstər
Back to top button