İctimaiyyət

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri: “Cinsi tarazlığın pozulması sonda insan alverinə gətirib çıxarır”

“Azərbaycan əhalisinin böyük əksəriyyəti gənclərdən ibarətdir. Odur ki, inkişaf etmiş ölkələrdə, eləcə də Azərbaycanda oğlan və ya qız uşağı seçimi problemi həll olunmazsa, gələcək nəsillər bundan əziyyət çəkəcək”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, əsas problemi sürətlə həll etmək lazımdır: “Səbəbləri tapmaq vacibdir və çıxış yolu hazırlanmalıdır. Bir çoxları ailələrin oğlan uşaqlarını çox istəməsini tarixdən qaynaqlanan ənənələrlə izah edirlər. Əgər bir ölkə müasirliyə doğru gedirsə niyə bu problem hələ də qalır?! Bu kimi hallara qarşı cəza tədbirləri olsa belə insanlar müxtəlif həll yolu tapacaqlar”.

K.Yankauskas əlavə edib ki, cinsi tarazlığın pozulması sonda insan alverinə gətirib çıxarır: “Problemi gizlətməyə ehtiyac yoxdur. Açıq-aşkar danışıb problemi hansı formada həll etməyin yollarını tapmaq vacibdir. Milli Fəaliyyət Planı hazır olduqda bütün müvafiq addımlar atılmalıdır. Avropa İttifaqı olaraq əlimizdən gələni edəcəyik ki, tarazlıq təmin olunsun”.

“Hazırda doğulan uşaqların cinsinə görə nisbətinin pozulması dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda aktual problemdir”.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı zamanı deyib.

O bildirib ki, ailədaxili münasibətlərdə yaranan problemlərdən biri də uşaqların cinsi ayrı-seçkiliyə məruz qalmasıdır: “Qadın hüquqlarının pozulması, gender əsaslı zorakılıq bəşəriyyətin qarşısında duran vacib məsələlərdir. Uşaqların cinsə görə nisbətinin pozulması zorakılığın bir növüdür. Doğulmamış qız uşaqlarına qarşı cinayət törədilir və onların hüquqi pozulur”.

“Son 25 ildə kişilərin sayı sürətlə artıb və bu fərq bərabərləşib. Belə ki, əhalinin 49,9 faiz kişilər, 51,1 faizini qadınlar təşkil edir. Kənd yerlərində qadınlar arasında ailə planlaşdırılması, arzu edilməyən hamiləlikdən qorunma, süni mayalanma və s. maarifləndirmə işlərinin aparılması zəruridir. Təhlillər göstərir ki, qız uşaqlarının dünyaya gəlmədən öldürülməsi ailədə 2-dən çox övladın istənilməməsi ilə bağlıdır. Müasir dövrdə ailədə ilk övlad qız olanda, ikinci uşağın oğlan olmasını istəyirlər”, – S.Qəhrəmanova əlavə edib.

Daha çox göstər
Back to top button