İctimaiyyət

Azərbaycanda eşşəklər niyə azalıb? Ya ət formasında qeyri-leqal kolbasa sexlərinə, ya da dönərxanalara yollanıblar

Azərbaycanda son bir ildə 4 min eşşək “yoxa çıxıb”. Yoxa çıxıb deyəndə bu fağır, amma zəhməteş və barəsində “qanmaz” imici formalaşmış (hərçənd canlılar arasında daha qanmazları var) bu heyvanlar heç yana qeyb olmayıblar. Onların sayında kəskin azalma var, özləri isə ya ət formasında qeyri-leqal kolbasa sexlərinə, ya da dönərxanalara yollanıblar. Yaxud çöldə canavarlara, çaqqallara tuş gəliblər. Hərçənd eşşəklərin bir qisminin xaricə daşındığı da ehtimal edilir.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsi bu günlərdə ölkədəki heyvanların sayı ilə bağlı son 10 ilin göstəricilərini açıqlayıb. Məlum olub ki, 2008-ci ildə ölkədə 47, 2 min eşşək olduğu halda, bu il 30,9 minə qədər azalıb. Heyvanların sayının kəskin azalması xüsusilə 2016-cı ildə baş verib, 40 mindən 35,5 minə düşüb. Ötən il  isə cəmi min eşşək “yoxa çıxıb”, 2017-ci ildə 34,1 min, bu ilin əvvəlinə isə 30,9 min eşşək qeydiyyata alınıb.

Azərbaycanda son illər eşşəklər arasında xəstəliyin yayılması faktı qeydə alınmayıb. Azərbaycan xaricə eşşək ixrac etmir, kolbasa və sosiska sexlərinə eşşək əti satılması ilə bağlı iddialar da rəsmi qurumlar tərəfindən təsdiqlənmir. Baxmayaraq ki, son 2 ildə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti tərəfindən  Bakıya satmaq məqsədilə gətirilən, mənşəyi bəlli olmayan ətlərin müsadirə edilməsi, yaxud kəndlərdə at, eşşək sümüklərinin aşkarlanması ilə bağlı xəbərlərə tez-tez rast gəlinirdi.

Son 3 ildə 9 min baş eşşəyin yoxa çıxması ətinin kolbasa sexlərinə satılması ehtimallarını artırır.

Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin müdiri Asəf Ömərov isə eşşəklərin sayının azalmasını təlabatla əlaqələndirib. Şöbə müdiri virtualaz.org-a deyib ki, Azərbaycanda eşşəkdən yalnız yük heyvanı kimi istifadə edilib, indi isə bu heyvana təlabat yoxdur. Güman ki, təbiətə ötürülən eşşəklər ölüb, qurda-quşa yem olub.

Ömərov deyir ki, eşşəyin saxlanılması kəndliyə sərf etmir, çünki atdan fərqli olaraq eşşək daim qayğı tələb edir, soyuğa davamlı deyil, üstəlik vəhşi heyvanlardan özünü qoruya bilmir. Kəndliyə motosiklet almaq eşşək saxlamaqdan daha asan və ucuz başa gəlir. Eşşəyin satışı da sərfəli deyil.

Adını söyləmək istəməyən xaçmazlı fermer isə bildirib ki, 2015-ci ilə qədər onun 5 eşşəyi olub, ot bahalaşan kimi eşşəkləri bir-bir satıb. “Eşşəklər 15-20 il yaşayır, əvvəllər qoca heyvanı saxlamaq sərf etmirdi, ya satırdılar, ya da kimə isə bağışlayırdılar. İndi isə heç cavan eşşək də sərf eləmir, xərci borcundan çoxdur”, -fermer əlavə edib. Onun sözlərinə görə, yaxşı xoruz, yaxud hind quşu eşşəkdən bahadır. Yaxın gələcəkdə ümumiyyətlə, eşşəklərin sayı əllə sayılacaq qədər azalacaq.

Qeyd edək ki, müxtəlif elan saytlarında hətta  30 manata eşşək təklif olunur, üstəlik çatdırılma da pulsuzdur.

Daha çox göstər
Back to top button