Ekonomika

Qubad İbadoğlu: Neftin qiymətinin artması pambığa marağı azaldıb

“Pambıq tarlalarda qalıb, yığan yoxdur”

“Neftin qiyməti bahalaşdığına görə pambığa maraq azalıb. Bölgələrdə pambıq sahələrdə qalıb, toplayan yoxdur”․ İqtisadçı Qubad İbadoğlu belə deyib.

O, bildirib ki, son zamanlar pambıqla bağlı etdiyi çıxışlar bölgələrdən ona bu barədə məlumat verənlərin sayını artırıb.

“Məsələn, Beyləqanda pambıq sahələrdə tökülüb, yerdə qalaraq, çürüyür və zay olur. Bu barədə mənə üç müxtəlif sahələrdən çəkilmiş fotolar da göndəriblər. Alış qiymətinin aşağı olmasına görə, yerli əhali pambıq yığmağa maraq göstərmir. Hazırda pambığın 1 kiloqramının alış qiyməti 15 qəpikdir”.

Q.İbadoğlunun dediyinə görə, Salyandan təqdim olunan fotodan görünür ki, pambıq yığmazdan əvvəl onun yarpaqlarının tökülməsinə səbəb olan dərmanın sahələrə vurulmaması üzündən tarla bu günədək yaşıl rəngdədir.

“Salyan İcra Hakimiyyətində bələdiyyələrin və yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda icra başçısı pambıq yığımına əhalinin marağının olmamasından gileylənib və təklif edib ki, yığıma səhiyyə və təhsil müəssisələrinin texniki işçiləri məcburi qaydada cəlb edilsin. Bu rayonda kombaynların çatışmazlığı da müzakirə mövzusu olub”.

İqtisadçı deyir ki, əllə yığılan pambıq maşınla yığılandan daha təmiz olduğuna görə fermerlər pambığın maşınla toplanmasına çox da maraq göstərmirlər.

“Çünki, maşına toplanan pambığın çirklilik dərəcəsi yüksək olduğundan sortu MTK-lar tərəfindən aşağı yazılır və bunun da nəticəsində pambığın alış qiyməti də ucuzlaşır”.

Daha çox göstər
Back to top button