Binəqədidə qalmaqal yaşanır: Tikinti şirkəti “haqlıyam” deyir, sakinlər isə ittiham edir

Binəqədi rayonu Faiq Rüstəmov küçəsinin bir qrup sakini yollarının “İnam İnşaat 555” tikinti şirkəti tərəfindən bağlanmasına etiraz edir.
Sakinlər iddia edirlər ki, adıçəkilən şirkəti tikinti qaydalarını pozaraq, onların həyatını təhlükə altına alır. Onlar bu barədə aidiyyatı qurumlara məlumat verdiklərini də bildirirlər: “Bütün qurumlara şikayət etmişik. Binanın inşa edən şəxslərdən biri olan Nazim adlı şəxs bizə dedi ki, “hara istəyirsiz, şikayət edin, 15 il həbs yataram, amma sizin sözünüzü saymayacam”. Dünən Binəqədi İcra Hakimiyyətinin nümayəndəsi gəlib işi dayandırdı. O gedən kimi işi yenidən başladılar”.
Faiq Rüstəmov küçəsinin sakinin Yusif Mehrəliyevə isə daha çox zərər dəyib. Belə ki, şirkət ona məxsus fərdi evi demək olar ki, yarasız hala salıb. Şirkət tərəfindən qazılan bünövrə Mehrəliyevin evinin divarlarını uçmaq təhlükəsi ilə qarşı-qarşıya qoyub.
Y.Mehrəliyevin sözlərinə görə, evi yaşamaq üçün təhlükəli vəziyyətə düşüb: “Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evə baxış keçirmişdi. Bizə bildirdilər ki, “köçün, burada yaşamaq təhlükəlidir, evin divarları hər an uça bilər”. Amma biz evimizi qoyub hara gedə bilərik ki?”
Şikayətçi Tahir Dadıyev isə bildirir ki, əgər ərazidə yeni 16 mərtəbəli bina tikilsə, onların evləri və həyatları təhlükə qarşısında qalacaq: “Maraqlısı budur ki, biz bu şəxslərə etirazımızı bildirəndə, deyirlər ki, “gedin, kimə istəyirsiniz, şikayət edin”. Yəni bizi saymırlar. Vəziyyət çox təhlükəlidir. Biz burada qorxa-qorxa yaşayırıq. Uşaqlarımız səs-küydən yata bilmir”.