Azərbaycanlılar ‘prezidentin dediyi inkişafı’ süfrələrində görmürlər

Prezident İlham Əliyev deyir ki, Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edir. Oktyabrın 22-də İmişli rayonuna səfəri zamanı prezident bildirib ki, görülən işlərin nəticəsində kəndlərdə məşğulluqla bağlı ciddi problem yoxdur, işləmək istəyən iş tapar. İlham Əliyev onu da vurğulayıb ki, yeni investisiyalarla, yeni layihələrlə kəndlilər üçün imkanlar genişləndirələcək.
Lerikin Babakücə kəndində kiçik bir ərazidə xiyar yetişdirən fermer İldırım Sultanov ümid edir ki, prezidentin kənd təsərrüfatına ayrıdığı yardımlardan bəlkə gələcəkdə ona da pay düşər. O deyir ki, tez-tez hökumətin kənd təsərrüfatına ayrıdığı vəsait haqda rəsmilərin çıxışlarını eşidir, amma bu vəsaitdən onun kimi adi fermerlərə heç nə çatmır:
“Kənd təsərrüfatına cənab prezident pul ayırır. Bizə də 10 min – 20 min uzunmüddətli kredit versəydilər bu cür sahədən 5-6-sını yaradardıq. Həm özümüzə iş olardı, həm də kəndli-fəhlə sinfi özünə iş tapardı”.
İldırım Sultanov deyir ki, kənddə əhali işsiz-gücsüz qalıb. Gənclər də qazanc dalınca paytaxta üz tutmalı olub.
İqtisadçı Nazim Bəydəmirli düşünür ki, kənd təsərrüfatının inkişafı ilə bağlı rəsmi statistika reallığı əks etdirmir. Əks halda kəndlərdə işsizlik problemi baş alıb getməzdi, məhsuldarlıq artar və nəticədə bazarda qiymət ucuzlaşardı.
Bakı sakini Nail Məhərrəmov deyir ki, kənd təsərrüfatının inkişafını öz süfrəsində hiss eləmir. Əksinə qiymətlər günü-gündən bahalanır:
“İmkan yoxdur almağa. 5-10 nəfər ala bilir. Qalanlar kasıb-küsubdur. Azərbaycanda 20 faiz əhali yaxşı yaşaya bilir. Qalan hamısı cırmaq-cırmaqdır. Ondan 5 manat, bundan 3 manat borc-xərclə bir tikə evinə çörək pulunu zorla aparır”.
Keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirli hesab edir ki, bu sahədə inkişaf ancaq rəqəmlərdədir. Bu rəqəmlər də şişirdilib:
“Strateji olaraq aqrar sahənin inkişafı ilə bağlı yol doğru olsa da, bunun həyata keçirilməsində problemlər olub. Buna da subyektiv amillər – mənimsəmələr səbəb olub. Yəni, kifayət qədər korrupsiya halları olduğundan dövlətin bu cür layihələrinin icrası effektiv olmur”.
Mənbə azadliq.org