İctimaiyyət

Nazim Bəydəmirli: ”Vətəndaşlar deputatın maaşının qaldırılmasına qıcıqla yanaşır”

Azərbaycan Milli Məclisinin və onun Aparatının 2019-cu il üçün xərclər smetası 27 milyon 69 min 600 manat məbləğində müəyyənləşib. Bu rəqəm 2018-ci il ilə müqayisədə 2 milyon 837 min 545 manat artırılıb. 2018-ci ilin dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanılması üçün 24 milyon 232 min 055 manat vəsait nəzərdə tutulub.

2019-cu ilin büdcə zərfində qeyd edilir ki, smetaya əsasən, əməyin ödənişi fondu 18 milyon 539 min 856 manat təşkil edir. Milli Məclis deputatlarının əmək haqqına 2 milyon 688 min 360 manat, ezamiyyə xərclərinə 1 milyon 162 min manat nəzərdə tutulub.

İqtisadçı-alim, sabiq deputat Nazim Bəydəmirli Meydan TV-yə Milli Məclisin təminatının hətta postsovet ölkələrindən də aşağı səviyyədə olduğunu bildirib:

“Məsələyə sıravi deputatların durumundan yanaşaq, həm köməkçi, həm maaş, avtomobil təminatı baxımından vəziyyət ürəkaçan deyil. Gürcüstanda, Ukraynada, Rusiyada, Qazaxıstanda deputatların təminatı çox yüksək səviyyədədir. Ancaq Milli Məclis vətəndaşların ictimai həyatında, seçkili orqan kimi seçicilərin maraqları baxımından çox passiv olduğuna görə cəmiyyətdə ictimai rəydə azacıq da olsa artım qıcıq doğurur”.

Bunun səbəbləri sırasında N.Bəydəmirli deputatların çoxunun biznes fəaliyyəti ilə məşğul olduğunu, paralel olaraq Konstitusiyaya zidd olaraq dövlət şirkətlərində, kommersiya qurumlarında, hətta “pedaqoji fəaliyyət” adı altında əslində elm, təhsil müəssisələrində inzibati vəzifələr daşıdıqlarını, göstərib. O qeyd edib ki, bu, deputat statusuna ziddir.

“Bir çoxları isə pensiya alırlar. Belə olanda onların təminatı orta aylıq əməkhaqqından beş dəfə çoxdur. Normal ölkələrdə bu proporsiya orta əməkhaqqının 3 misli civarındadır. Bəzi ölkələrdə 3-5 arası fərq olur. Ancaq həmin dövlətlərdə deputatların mobil telefonları, istirahət, səfər xərcləri qarşılanır. Azərbaycan deputatı isə seçiciylə görüşə gedən zaman avtomobillə təminatı, xərclərinin qarşılanması sənəddə olsa da, ayrılmır. Çünki əksəriyyətinin şəxsi maşınları olduğu üçün götürmürlər. Bu mənada sıravi deputatlar sədrdən, müavinlərindən, komitə sədrlərindən fərqli olaarq avtomobillərlə təchiz olunmur”.

Onun fikrincə, deputatlar üzərilərinə düşən ictimai yükü, hökumətə nəzarət funksiyasını həyata keçirmilər.

“Deputatlar müxtəlif jurnalist araşdırmalarının dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə reaksiya vermirlər. Bu mənada vətəndaşlar deputatın maaşının qaldırılmasına qıcıqla yanaşır, məsələ mediada, sosial şəbəkələrdə müzakirə edilir. Açıq şəkildə “onlara maaş vermək lazım deyil” bildirirlər”.

Daha çox göstər
Back to top button