İctimaiyyət

Eynulla Fətullayev: “Müşfiqin güman edilən qalıqlarını yenidən dəfn etdik”

Haqqin.az və Virtualaz.org-un rəhbəri Eynulla Fətullayev bəyanat yayıb. REAL-ın məlumatına görə, bəyanatda deyilir:

“Bir neçə gün bundan əvvəl biz məlumat aldıq ki, məşhur rusiyalım milyarder Fərhad Əhmədovun Qaradağ rayonunun Puta kəndində atasının qalıqlarının axtarışı işləri zamanı Stalin repressiyaları qurbanlarının kütləvi dəfn yeri aşkarlanıb.

Təsdiq edilməmiş məlumatlara görə, burada görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin də qalıqları yerləşir. Biz bu sensasion xəbərə biganə qala bilmədik və axtarış qrupu yaradaraq, müvafiq dövlət orqanlarını və məlum ictimai təşkilatları – Mədəniyyət Nazirliyini, Yazıçılar İttifaqını, Elmlər Akademiyasını xəbərdar edərək, jurnalist araşdırmasına başladıq. Qeyd edək ki, mədəniyyət naziri Əbülfəs Qarayev bəyanat verərək bizim təşəbbüsü dəstəklədi, əməkdaşlığa və missiyamızın uğuruna ümid etdiyini bildirdi.

Tədqiqatın gedişində qrupumuz tərəfindən Stalin repressiyalarının qurbanlarının qalıqları aşkar edilib. Ehtimal ki, aşkar etdiyimiz qalıqlar şair Mikayıl Müşfiqə, Azərbaycan Respublikasının dövlət himninin müəllifi Əhməd Cavada, məşhur dövlət xadimi Ayna Sultanovaya və repressiyaların digər qurbanlarına aiddir.

Vətəndaş və peşəkar jurnalist borcunu rəhbər tutaraq, biz missiyamızın başa çatdığını bildiririk.

Ümidvarıq ki, indi prosesə Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası və digər müvafiq idarələr qoşulacaq.

Bir neçə saat bundan əvvəl qrupumuz görkəmli şəxslərin qalıqlarını Stalin cəza orqanlarının elə həmin gizli qəbiristanlığında yenidən dəfn edib. İndi qoy bununla dövlət məşğul olsun”.

Daha çox göstər
Back to top button