İctimaiyyət

Qüdrət Həsənquliyev: “İnsanlar hüquqlarını qorumaq üçün Bakıya axın etmək məcburiyyətində qalırlar”

“Oxu.az” saytında “Deputat icra başçılarını yenə tənqid etdi:”Əhali həm də bölgələrdəki özbaşınalıqdan Bakıya axışır” sərlövhəli məqalə oxumaq olar.

Müəllif regionlardan Bakıya axının davam etməsi, yeni paytaxt şəhər salınmasına ehtiyac yaranması kimi məsələləri deputat Qüdrət Həsənquliyev ilə müzakirəyə çıxarır.

“Paytaxtın Bakıdan başqa bir yerə köçürülməsinə və ya yeni paytaxt şəhərinin salınmasına ehtiyac yoxdur. Bakıya axının qarşısının alınması üçün bu, məqbul variant sayıla bilməz və köçürülmə yönündə fikirlərlə razı deyiləm. Pulumuzu, vəsaitimizi iqtisadiyyatın qeyri-neft sektorunun, sənayenin inkişafına yönəltsək, daha yaxşı olar”. Deputat sayta düşüncələrini belə ifadə edib.

Deputat iddia edir ki, hazırda ölkə iqtisadiyyatı, büdcə neftin üzərində oturub, ondan asılıdır, ona görə də büdcəni, iqtisadiyyatı neft asılılığından qurtarmaq lazımdır.

Q.Həsənquliyev deyir ki, yaxın keçmişdə baş vermiş proseslər bu asılılığa son qoymağı zərurətə çevirir: “Bir neçə il öncə dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi ilə bağlı Azərbaycan iqtisadiyyatında da bəzi problemlər yarandı, xüsusilə bank sektorunda böyük çöküş əmələ gəldi, iki dəfə sarsıdıcı devalvasiya baş verdi. Bu zaman hökumət büdcənin, iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün bir sıra addımlara getdi və bunun müsbət nəticələri də görünməyə başladı, qeyri-neft sektorunda canlanma oldu”.

Deputat vurğulayır ki, son bir ildə neftin qiyməti qalxan kimi, yenə hər şey unudulmağa başlayıb, indiki halda qeyri-neft sektorunun, sənayenin, aqrar sahənin inkişafına daha ciddi diqqət yetirmək lazımdır.

Q.Həsənquliyev deyir ki, Bakıya təkcə işləmək istəyənlər gəlmirlər, hətta bölgələrdə biznes qurub ayda 30-40 min dollar və ya manat qazanan iş adamları da üz tuturlar.

Deputatın deməsinə görə, bölgələrdən insanlar həm də qanunsuzluq əlindən qaçırlar, belə ki, Bakıda hüquqları qorumaq nisbətən daha asandır: “Həm də açıq şəkildə etiraf etmək lazımdır ki, bölgələrdə məmur özbaşınalığı yaşanır”.

Deputat hesab edir ki, buna görə də məmurlarla, icra başçıları ilə bağlı ciddi ölçülər götürülməlidir, icra hakimiyyətləri və başçılarının səlahiyyətlərinin 90 faizi bələdiyyələrə verilməlidir.

Q.Həsənquliyevə görə, vətəndaşların paytaxtdan bölgələrə axınını həll etməyin yolu ciddi iqtisadi və hüquqi islahatlardan, qanunların işləməsindən keçir, dövlət hər şeyi öz üzərinə götürməməli, hər şeyi özündə cəmləşdirməməlidir: “Dövlət bizneslə məşğul ola bilməz və olmamalıdır. Dövlət biznes qurumu deyil”.

Daha çox göstər
Back to top button