Son vaxtlar Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır

“Modern.az”da isə “8 ayda 9877 boşanma – Qayınana müdaxiləsinin acı sonluğu” sərlövhəli məqalə diqqət çəkir.
Müəllif ölkədə ailə institutunun hazırkı vəziyyətini, ona müdaxilələri və səbəblərini araşdırır.
Müəllif deyir ki, son vaxtlar Azərbaycanda boşanmaların sayı artır və bunun əsas səbəblərindən biri qız analarının yeni cütlüyün şəxsi məsələlərinə müdaxiləsi etməsidir.
Yazı müəllifi vurğulayır ki, bundan əlavə, ekspertlər ailələrin dağılmasına səbəb kimi ailə rəftarından sosial-məişət probleminə kimi bir neçə əsaslar gətirirlər.
Müəllif statistikaya istinadən bildirir ki, bu ilin 8 ayında Azərbaycanda 40235 nikah və 9877 boşanma halı qeydə alınıb.
Məqalə müəllifi bildirir ki, Azərbaycanda ailələrin dağılmasının artması tendensiyası 2004-cü ildən müşahidə edilir, əgər 2004-cü ildə 7 minə yaxın boşanma faktı qeydə alınmışdısa, 2004-cü il ilə müqayisədə 2017-ci ildə boşanmalar 2 dəfədən çox artaraq 14514 həddinə çatıb.
Yazı müəllifi deyir ki, 2017-ci ildə boşanmalar daha çox 30-34 yaşlı kişilər və 25-29 yaşlı qadınlar arasında çox olub.
Ailə məsələləri üzrə tədqiqatçı, “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova sayta bildirib ki, yeni qurulan ailələrə müdaxilə məsələsi çox ciddi problem olaraq qalır.
M.Zeynalova deyir ki, maddi baxımdan üstün olan qız ailələri onları yönləndirir, bu imkanı ilə ailədə sözünün keçərliliyini təmin edir, belə hal isə sağlam ailə üçün təməl ola bilməz.
Ekspert hesab edir ki, ailələrin dağılmasının qarşısını almaq üçün hər iki tərəf neqativ müdaxilələri dayandırmalıdır, gənc ailələrin bu müdaxilələrə “yox” deyə bilməmələri isə yeni ailənin xarakterinin formalaşmamasının göstəricisidir: “Valideynlər övladlarının tərəflər arasında nüfuz qazanmasına imkan vermirlər. Nəticədə şəxsi və psixoloji olaraq insanların aşağılanması və qüruruna toxunulması təsiri bağışlayır ki, bu da ailənin dağılmasına gətirir”.
M.Zeynalova iddia edir ki, indiki halda sağlam ailə mühiti formalaşdırmaq əvəzinə “kimin sözü keçəcək” kimi lazımsız prinsipə söykənmək arxaiklikdir.
“Boşanmaların əksər səbəbi qadın və kişinin, ər və arvadın bir-biri qarşısında nüfuzunun aşağılanması və yoxa çıxarılması dərəcəsinə çatdırılmasıdır”.
Ekspert hesab edir ki, XXI əsrdə belə cılız məsələlərlə ailə münasibətlərinə müdaxilə etmək, geridəqalmışlıqdan başqa bir şey deyil.