İctimaiyyət

Əkrəm Həsənov: Azərbaycanda korrupsiya institutu yaxşı işləyib

«Yeni Müsavat» qəzetində «Əkrəm Həsənov: Qanunsuz tikililərə görə məmurlar cəzalandırılmalıdır» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Bakı şəhərində qanunsuz tikintilərə qarşı kampaniya başlanıb. Normativlərə uyğun olmayan tikintilər dayandırılır və ya artıq tikilmiş obyektlər sökülür.

Müəllif xatırladıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev də bu məsələni gündəmə daşıyıb.

Yazıda habelə vurğulanır ki, külli miqdarda vəsait qoyan sahibkarın obyekti qanunsuz tikinti adı ilə sökülür, amma buna icazə verən məmur cəzadan kənarda qalır.

Ekspert Ə.Həsənov da hesab edir ki, qanunsuz adı qoyulsa da, o tikililərin meydana gəlməsində məmurların rolu danılmazdır: «Yəni mümkün deyil ki, böyük bir bina yarıya qədər, yaxud tam tikilsin və onunla heç bir əlaqədar dövlət məmuru maraqlanmamış olsun».

Ekspertin deməsinə görə, tikililər var ki, qanunsuz yolla, korrupsiya və rüşvət hesabına da olsa, sənəd alıb. Ə.Həsənovun fikrincə, o sənədləri imzalayan məmurlar birbaşa cavabdehlik daşıyırlar.

Ə.Həsənovun vurğulamasına görə, tikililər də var ki, sənəd alınmadan inşa olunub, buna görə də aidiyyəti orqanların hərəkətsizliyi məsələsi gündəmə gəlir: «Əgər bu tikililər sökülürsə və məmurlar cəzalanmırsa, bu prosesin qarşısını almaq mümkün olmayacaq. Yenə də deyirəm, yalnız korrupsiya, rüşvət müqabilində saxta sənəd vermək deyil, hərəkətsizlik də məsuliyyət yaradır».

Hüquqşünas başqa bir məqama da toxunaraq bildirir ki, Bakıda tikilən böyük binaların, obyektlərin sahibləri olaraq bir çox hallarda hansısa məmurların adları hallanır.

«İndiyədək Azərbaycanda korrupsiya institutu yaxşı işləyib: hamı bilirdi ki, hara, nə qədər verərsə, işini həll edə bilər. İndi isə bu mexanizm pozulub», – deyə o vurğulayıb.

Daha çox göstər
Back to top button