İctimaiyyət

Vətəndaş cəmiyyətinin durumu 5 ilə yaxındır ki, çox ağırdır

Açıq Hökumət Tərəfdaşlığının (OGP) Azərbaycana verdiyi müddət yaxın vaxtlarda bitir. Ötən il OGP Azərbaycanın adını qeyri-aktiv ölkələr siyahısında saxlamışdı və tövsiyyələri həyata keçirmək üçün son olaraq bir il möhlət vermişdi.?Vətəndaş cəmiyyətinin üzvü, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl vətəndaş cəmiyyətinin durumunda hansısa müsbət dəyişikliklər mövzüsü ilə əlaqədar ASTNA-nın suallarını cavablandırıb.

Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl qeyd edir ki, vətəndaş cəmiyyətinin durumu 5 ilə yaxındır ki, çox ağırdır. 2014-cü ildə QHT-lərin qeydiyyatını, maliyyəşməsini və fəaliyyətini nizamlayan qanunvericiliyin dəyişdirilməsi ölkədə vətəndaş cəmiyyətini olduqca acınacaqlı bir vəziyyətə salıb. Onlarla təşkilat bağlanıb, yüzlərlə təşkilat fəaliyyətini dayandırıb, minlərlə mütəxəssis ölkədən köçüb. Əvvəllər ölkəboyu aparılan maarifləndirmə proqramları dəfələrlə azalıb, insan hüquqları, demokratiya və yaxşı idarəetmə mövzulu layihələr isə demək olar ki, sıfır səviyyəsindədir. Vətəndaş cəmiyyəti nəinki millətin, hətta öz hüquqlarını qorumaq iqtidarında deyil.

Şəhla İsmayıl OGP-nin  Azərbaycanı üzvlükdən çıxartacağı ilə bağlı sualına cavab olaraq  bildirib ki, Gedişat onu göstərir ki, OGP Azərbaycanı üzvlükdən çıxaracaq, çünki qoyulan şərtlər yerinə yetirilməyib. Lakin bütovlükdə bu, Azərbaycan üçün, ələlxüsus Azərbaycanın vətəndaş cəmiyyəti üçün olduqca mənfi bir qərar olacaq. Ölkə üçün növbəti bir ləkədir, Azərbaycan beynəlxalq öhdəliklərini yerinə yetirməyən, QHT və mediaya imkanlar verməyən bir ölkə imici qazanıb. OGP-nin qərarı bu imicin növbəti isbatı olacaq. Bu qərar vətəndaş cəmiyyəti üçün də çox ağrılı bir hadisə olacaq. Çünki OGP vətəndaş cəmiyyətinin durumunu dəyişmək üçün caba göstərən bir beynəlxalq güc idi, aydın qaydalara malik güclü bir platforma idi. Ölkələrdə demoktratiya və idaərəetməni təkmilləşdirən bir sıra alətlərə malik yeni bir imkan idi. Təəssüf ki, qeyri-ixtiyari keçmiş zamanda deyirəm bunları, çünki mənfi qərarın veriləcəyinə əminəm. Kaş ki, yanılım. Azərbaycan üzvlükdən çıxarılsa vətəndaş cəmiyyəti güclü bir vəkilini itirəcək və hökümətin hesablaşdığı daha bir partnyor marafondan çıxacaq. Təəssüf ki, həmkarlarımın bəziləri ölkəyə bu sanksiyanın veriləcəyinə sevinir, amma əslində sevinəcək bir durum yoxdur. Vətən üçün böyük bir utanc və böyük bir itirilmiş imkandır.

O eləcə qeyd edib ki, ölkədə 2014-cü ildəki basqılar və həbslər artıq yoxdur, fərdi qaydada bəzi təşkilatların problemləri həll olunub. Həbsdə olan bəzi bank hesabları açılıb, pullar qaytarılıb, yeni layihələrin bir qismi qeydiyyatdan gizli-gizli keçir. Qanuna bir neçə səthi dıyişiklik edilib, amma bunların heç biri mənzərəni ciddi dəyişmir. Fəsadlar çox ağırdır – ipə-sapa yatmayan hüquqşünaslar və hüquq müdafiəçiləri də artıq sakitdirlər. Vətəndaş cəmiyyəti sanki taleyi ilə barışıb, ya ölkədən gedib, ya da başqa sektorlarlarda özünə iş tapıblar. Maarifləndirmə, monitorinq, vəkiliik müstəvisində görülən işlər yox səviyyəsindədir. Görülən işlər çox pərakəndə və zəifdir. Görünüklük yoxdur, dayanıqlıq və sabitlik yoxdur. Hökumətə yaxın olan bir qrup QHT-dən başqa rayonlarda insanlarla görüşmək az qala yasaqdır. Tədbir keçirmək çox çətindir, bəzi təşkilatlar üçün hətta mümkünsüzdür.

Daha çox göstər
Back to top button