Siyasət

Əli Kərimli: “Hakimiyyət siyasi həbslərlə məqsədinə nail ola bilməyib və bundan narahatdır”

Azadliq.info-nun xəbərinə görə, AXCP sədri Əli Kərimli feysbuk səhifəsində hakimiyyətin son günlərdə yeni repressiya dalğasına başlamasından yazıb və bunun səbəblərini, cəmiyyətin buna qarşı etməli olduqlarını göstərib:

“Siyasi məhbuslara qarşı repressiyaların növbəti dalğası nə ilə bağlıdır? Bir tərəfdən həbs müddəti başa çatan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim və hicab məhbusu Telman Şirəliyevi ikinci dəfə şərləyib, onlara qarşı əlavə cinayət işi açıblar, digər tərəfdən isə siyasi məhbus, gənc cəbhəçi Fuad Әhmədlini “kars”a salıblar. Əvvəlki günlərdə isə Əfqan Muxtarlını, AXCP funksionerləri Aqil Məhərrəmlini, Saleh Rüstəmlini, Babək Həsənlini, Ruslan Nəsirlini, NİDA-çı Qiyas İbrahimi “kars”a salmışdılar. AXCP Binəqədi şöbəsinin üzvü İbrahim İbrahimli 30 gün, İlqar Aydın adlı ictimai fəal isə 60 gün müddətinə inzibati qaydada həbs olundu. İctimai fəal Fatimə Mövlamlı, KXCP üzvü, araşdırmaçı Ceyhun Nəbi polis tərədindən oğurlanıb, bir neçə gün qanunsuz olaraq polisdə saxlanıldıqdan sonra azad ediliblər. Jurnalist İsmayıl İslamoğlundan isə hələ də xəbər yoxdur. Onun da polis tərəfindən oğurlandığı güman edilir.

Görürsünüzmü cəmi bir neçə gün ərzində nə qədər qanunsuzluq edib, repressiya aktı törədiblər? Deməli, narahatdırlar, həbslər vasitəsilə qarşıya qoyduqları məqsədlərə nail ola bilməyiblər. Məqsədləri isə siyasi məhbusları təslim etmək, cəmiyyətdə kütləvi qorxu yaratmaqdır. Hələ ki, bu alınmır. Əvvəla, ona görə ki, siyasi məhbuslarımız şəxsən özləri yüksək iradə nümayiş etdirib, hökumətin tələblərini yerinə yetirmirlər. Hökumətin tələbləri isə aydındır, şərti olaraq bu 3 pillədən keçir: Әvvәlcә rejimlə əməkdaşlıq tələb olunur. Bu alınmayanda əfv ərizəsi yazmaq, bu da mümkün olmayanda gələcəkdə ictimai-siyasi fəaliyyətlə məşğul olmamaq öhdəliyi tələb olunur. Siyasi məhbuslar bu tələbi yerinə yetirmədiyi üçün təzyiqlərə məruz qalırlar. Qorxunun cəmiyyətdə oturuşa bilməməsinin ikinci səbəbi siyasi məhbus ailələrinin qürurlu davranışıdır. Rejim girov götürdüklərinə təzyiq etməklə ailələrin qürurunu sındırmaq istəyir. Çoxsaylı həbslərə baxmayaraq ölkədə qorxunun tam da oturuşa bilməməsinin digər səbəbi isə müxalifətin və bütövlükdə cəmiyyətin dirənişidir. Müxalifət və sosial şəbəkə fəalları, vətəndaş cəmiyyəti nümayəndələri özlərinə senzura qoymurlar, riskli olsa da, rejimi ifşa etməyi israrla davam etdirirlər. Rejimi ictimai rəydə məğlub edə bilirlər. Rejim mətbuatı məhv edə bilsə də, azad sözü, tənqidi fikirlәri susdura bilməyib (internetin hesabına). Demokratik alternativi sıradan çıxarmağı bacarmayıb. Bütün təzyiqlərə rəğmən müxalifət ictimai rəydə iqtidarı üstələyir və istənilən hətta yarımazad seçkidə belə iqtidara qalib gələ bilər. Məhz buna görə də rejim narahatdır. İndiyə qədərki repressiyalar da kifayət sayılmır.

Repressiyaları durdurmaq üçün ölkənin bu rejimdən qurtuluşunu tezləşdirmək lazımdır”.

Daha çox göstər
Back to top button