Elçin Şıxlı: «Bəzi adamlar mətbuatımızı «sandıq tulası»na çeviriblər»

Demokrat.az saytında «Elçin Şıxlı: «Bəzi adamlar mətbuatımızı «sandıq tulası»na çeviriblər»» sərlövhəli yazı oxumaq olar.
Yazıda «Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ilə söhbət təqdim edilib. E.Şıxlıya ilk sual bəzi şəxslərin reketçilikdə ittiham edilərək həbs olunması ilə bağlı verilib. O, suala cavab olaraq bildirib ki, ümumiyyətlə, elə insanları tanımır, onların jurnalist olub-olmamasından da xəbəri yoxdur: «Amma bu adamlar ayrı-ayrı şəxslərdən reketçilik yolu ilə rüşvət tələb edib və ya alırlarsa, bunun qarşısı mütləq alınmalıdır».
E.Şıxlı bu məsələlərdə Mətbuat Şurasının roluna da toxunub: «Bizim vaxtilə irəli sürdüyümüz bütün ideyaları bu gün baş-ayaq ediblər. Bunun nəticəsidir ki, Azərbaycan jurnalistikasının məhv edilməsində ən böyük rolu məhz Mətbuat Şurası və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) oynayıb. Bu qurumlar jurnalistikamızı məhv edib, indi də yalandan artistlik edirlər».
E.Şıxlı mətbuatın ümumi vəziyyətinə də toxunub: «Əgər indiyədək KİVDF-yə ayrılan dövlət vəsaitlərindən düzgün istifadə olunsaydı, bu gün mətbuatımızın problemlərindən danışmazdıq. Sadəcə olaraq, KİVDF lazımsız məsələlərə vəsait sərf edir, ölməli olan qəzetlərə vəsait ayırır. Buna görə də Azərbaycanda qəzet deyilən məfhuma nifrət yaranıb. Bu gün küçədə qəzet oxuyan adam görsəniz, mənə xəbər edin, gedib o adamın əllərini sıxacam…».