Təhlil

“Məmurun icazəsi olmadan kimsə nəinki tikinti tikə, heç yerə mıx da vura bilməz”

“Modern.az”da isə “Məmurun icazəsi olmadan kimsə nəinki tikinti tikə, heç yerə mıx da vura bilməz” sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif “qanunsuz tikintilər və məmur bixəbərliyi” məsələsini deputat Elman Məmmədovla müzakirəyə çıxarır.

Yazı müəllifi Bakının müxtəlif ərazilərində bu və ya digər səbəb üzündən qanunsuz tikililər adı ilə vətəndaşların evlərinin, obyektlərinin söküldüyünü deyir.

“Doğrudanmı, bütün bu evlər, yardımçı təsərrüfatlar müvafiq məsul şəxslərdən xəbərsiz formada inşa edilib? Hətta məsələ həqiqətən də belədirsə, o zaman cavabdeh olduğu ərazidən xəbərsiz olan bu məmurların cəzalandırılması təmin edilməli deyilmi?” sualı ilə müəllif deputata müraciət edir.

Deputat isə vətəndaşların qanunsuz tikintiləri məmurlardan xəbərsiz inşa etməsi ilə bağlı deyilənləri absurd sayır: “Qanunsuz tikintilərə icazə verən, buna göz yuman şəxslər birmənalı şəkildə cəzalandırılmalıdır. Vətəndaş müvafiq səlahiyətli qurumların, vəzifəlilərin yazılı və ya şifahi, rəsmi və ya qeyri-rəsmi razılığı olmadan heç nə edə bilməz. Nəinki tikinti tikə bilməz, yerə mıx belə vura, ağac belə basdıra bilməz”.

Deputat hesab edir ki, bu məsələdə vətəndaşın məsuliyyəti məmurun məsuluyyəti həddində deyil, vətəndaş hansı səbəbdənsə buna fikir verməyib, amma məmur isə buna göz yumub.

E.Məmmədov deyir k, vətəndaş icazəsiz, müvafiq sərəncamlar olmadan tikinti apara bilməzdi, bu, sonradan üzə çıxanda “qanunsuz tikinti” adı qoyulur.

Deputatın iddiasına görə, əgər ortada hər hansı belə tikili varsa, deməli, burada kiminsə maddi maraqları mövcuddur.

E.Məmmədov vurğulayır ki, belə “qanunsuz tikinti”lər söküləndə, yenə də ziyan çəkən ancaq vətəndaş olur, qanunsuzluğa yol verən məmur isə “sudan quru” çıxır: “Hesab edirəm ki, bütün qanunsuz tikililərə görə ən başlıca günahkar bu sahəyə məsul qurumlar və şəxslərdir. Onlar hökmən cəzalarını almalıdırlar”.

Deputat deyir ki, məmurun xəbəri olmadan tikinti mümkün olsa idi, o zaman hərə gedib bir yerdə nəsə ucladardı, amma bu, mümkün deyil: “Əgər hardasa belə bir tikinti aparılıbsa, deməli, kimlərsə buna icazə verib. Kimlərsə buna göz yumub, buna şifahi də olsa razılıq veriblər”.

E.Məmmədov Bakının Badamdar adlı ərazisindəki sürüşmələrə səbəb kimi “qanunsuz tikntilər” göstərildiyi üçün “məmurlar, bələdiyyələr, icra qurumları bunları görmürdümü?” sualını ortaya qoyur və belə cavablandırır: “Görürdülər. Ancaq buna maraqları naminə göz yumurdular. Bu gün hamısı çəkilib durub qıraqda. Yenə də zərbənin altında qalan vətəndaşdır. Bir daha qeyd edirəm ki, bu tikintilərə hər hansı formada razılıq verən bütün məmurlar cəzalandırılmalıdır”.

Daha çox göstər
Back to top button