Jurnalist daxili işlər nazirinə və baş prokurora müraciət edib

Jurnalist İsmayıl İslamoğlu daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edib.
İslamoğlu bildirir ki, tanımadığı şəxslər tərəfindən oğurlanıb, ardınca 3 gün müddətində mənəvi və fiziki işgəncələrə məruz qalıb.
“26 oktyabrda işdən çıxıb evə gedərkən naməlum şəxslər qarşımı kəsib zorla maşına otuzdurub, naməlum istiqamətə aparıblar. Təzyiqlərə məruz qalmışam və sorğu-sual edildikdən sonra məni Bakı şəhər Baş Polis İdarəsinə gətirib, orada da müxtəlif mövzularda suallar veriblər. Burada adam oğurluğu baş verib və mənə qarşı cinayət tərkibli edilən hərəkətlərə görə məsul şəxslərin məsuliyyətə cəlb edilməsini sizdən xahiş edirəm”, müraciətdə qeyd edilir.
Jurnalist bildirir ki, onun itkin düşüb, sonra yenidən tapılması haqqında verilən bəyanat həqiqəti əks etdirmir.
“Bütün baş verənlər haqqında sosial şəbəkədə canlı yayınla çıxış etməyimə baxmayaraq, hüquq mühafizə orqanları mənə qarşı törətdikləri faktları təkzib edir. Hörmətli nazir və hörmətli baş prokuror məlumat üçün əlavə edim ki, mən başıma gələn hadisələr haqqında şəxsən sizinlə görüşməyə, lazımı orqanlara bu haqqda məlumat verməyə hazıram. Məni qəbul edib, dinləməyinizi sizdən xahiş edirəm”, o qeyd edib.
Oktyabrın 26-da yox çıxdığı bildirilən Kanal13.tv İnternet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu oktyabrın 29-da saat 23.00 radələrində azad buraxılıb. O bu barədə oktyabrın 30-da gecə saatlarında Facebook səhifəsində yaydığı özünün video müraciətində bildirib. (https://web.facebook.com/ismayil.islamoglu/videos/894714337404957/)