Ekonomika

”Maxinasiyalar olmasaydı elektrik enerjisinin qiyməti aşağı olardı”

Azərbaycanın rezidenti İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Qərarın əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchiz olunmasında və ölkənin elektrik enerjisi sistemində xüsusi yer tutan “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə verildiyi bildirilib.

İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə deyib ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin istehsal etdiyi enerjinin maya dəyəri qonşu respublikalarla müqayisədə baha olurdu. O xatırladıb ki, Tarif Şurası əhaliyə satılan enerjinin qiymət artımını onunla əlaqələndirirdi ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə baha başa gəldiyindən rentabelli işləmir. Tarif Şurası da cəmiyyətin rentabelli işləməsi üçün bir neçə dəfə qiyməti artırıb.

Onun sözlərinə görə, opponentlər deyə bilərlər ki, həmin ölkələrdə atom elektrik stansiyası var, istehsal olunan elektrikin qiyməti ortalama olaraq ucuz başa gəlir.

N.Bəydəmirli hesab edir ki, əgər mazut və qazla bağlı kağız üzərində maxinasiyalar olmasaydı, satınalmalarda müxtəlif şirkətlər tender vasitəsilə vəsaitləri mənimsəməsəydi, istehsal edilən elektrik enerjisinin kilovatının qiyməti aşağı olardı.

Ekspertin sözlərinə görə, effektiv idarəetmə tətbiq olunmayacaqsa, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin üzərində paritet əsaslarla deputatların, məmurların, vətəndaş cəmiyyətinin iştirakı ilə Müşahidə Şurası yaranmayacaqsa, problemlər həll ediləməyəcək.

“Ümumiyyətlə, SOCAR, AZAL da daxil iri şirkətlərin hamısında bu cür müşahidə şuraları yaraılmalıdır. Əslində, səhmdar cəmiyyətidirsə, onların menecerləri əsassız xərcləmələrə getməsinlər, dövlətin, parlamentin və ictimaiyyətin nəzarəti olsun. Çünki əksəriyyəti müxtəlif formalarda xroniki olaraq dövlət büdcəsi qarşısındakı öhdəliklərini yerinə yetirmirlər, böyük dotasiyalar alırlar və qarşılıqlı borcları silinir. Nazirlər Kabineti də iri dövlət şirkətlərinin problemlərini ictimai vəsaitlər hesabına “həll etməli” olur. Ona görə effektiv idarə olunan müşahidə şuraları yaranmalıdır”.

İyulun 2-də və 3-də Mingəçevir “Azərbaycan İstilik Elektrik Stansiyası”nda baş verən qəza nəticəsində ölkə ərazisinin əksər hissəsi bir neçə saat elektrik enerjisiz qaldı.

Hadisədən sonra Prezident tərəfindən yaradılan Dövlət Komissiyasının rəyinə görə Mingəçevir qəzasında əhaliyə və iqtisadiyyata 276 milyon dollar (469,2 mln. manat) ziyan dəyib.

 

Daha çox göstər
Back to top button