Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli: ‘Bakı hava limanından geri qaytarıldım’

Bastainfo.com saytının redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirir ki, oktyabrın 31-də ölkədən çıxışına icazə verilməyib.
Bu haqda AzadlıqRadiosuna danışan Mustafa Hacıbəyli vurğulayıb ki, onu Bakı hava limanından geri qaytarıblar. Redaktorun sözlərinə görə, ona deyiblər ki, baş prokurorluq ölkədən çıxışına qadağan qoyub.
Mustafa Hacıbəyli habelə vurğulayıb ki, bir beynəlxalq konfransda iştirak etmək məqsədilə iki gunluk Gürcüstan paytaxtı Tbilisiyə getmək istəyib:
“Gəncədə baş verən məlum olaylardan sonra, iyulun 7-də bəzi saytların girişinə blok qoyuldu. Bəzi yazılara görə də, fakt üzrə cinayət işi qaldırılmışdı. Həmin saytlardan biri də bastainfo.com idi. Həmin cinayət işi əsassız qaldırılıb. Məni şahid qismində istintaqa cəlb ediblər. Ölkədən çıxışıma qadağan qoyulduğu mənə bildirilməyib.”
Onun bu açıqlamasına, hələlik, Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.
Oktyabrın 31-də eyni zamanda Bakı Apellyasiya Məhkəməsi müxalifətyönlü bastainfo.com saytına ölkə içindən girişin məhdudlaşdırılması ilə bağlı aşağı məhkəmənin qərarını da qüvvədə saxlayıb.