Ekspertlər: Azərbaycanda işsizlik hökumət deyən kimi 5 yox, 20-30 faizdir

Azərbaycan hökuməti elan edib ki, 2030-cu ilə qədər işsizlik səviyyəsini beş faizdən dörd faizə endirəcək. Sənəd 2019-2030-cu illərdə işsizliyi azaltmaq üçün tədbirlər nəzərdə tutur. Amma tənqidçilər bəri başdan sənədi sual altına qoyurlar, iddia edirlər ki, işsizlik statistikası reallığı əks etdirmir.
Məsələn, Sosial və İqtisadi İnkişaf Mərkəzi isə hesablayıb ki, hazırda işsizlik hökumətin iddia etdiyi kimi 5 faiz yox, 30 faizə yaxındır.
“Hökumət statistikanı siyasiləşdirir”
İqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, Azərbaycanda kütləvi işsizlik var, sadəcə hökumət statistikanı siyasiləşdirir.
Bu ilin iyununda “Məşğulluq haqqında” qanun dəyişəndən sonra, Astara sakini Səttar Hüseynovu da hökumət işsiz hesab etmir, deyir ki, onun ailə təsərrüfatı var və o işsiz ola bilməz. Amma Səttar Hüseynov hökumətlə razılaşmır:
“Mən 90-cı ildən işsizəm, iki uşağım var, bunun qələmi var, dəftəri var. Qəndi var, çayı var. Maddi vəziyyət çox çətindir. Məşğulluq idarəsinə gedirəm, işlə təmin olunmuram. Mənə deyirlər ki, iş yoxdur, mən də çıxıb gəlirəm. Üç müəssisədə işləmişəm, üçü də satılıb, qalmışam havada”.
Sənəddə deyilir ki, hazırda gənclər və qadınlar arasında işsizlik nisbətən yüksəkdir və hardasa 12 faiz civarındadır. 2030-cu ilə qədər bu rəqəm minimuma çatdırılacaq. Hökumət 2030-cu ilə qədər işsizliyi 5 faizdən 4 faizə salmağı hədəf götürüb, strategiya hazırlayıb. Tənqidçilər isə statistikanın reallığı əks etdirmədiyini deyirlər və işsizliyi aradan qaldırmaq üçün təkliflər verirlər.
Məmur sahibkarlığına son qoyulmalıdır
Məsələn, Sosial və İqtisadi İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov deyir ki, əgər hökumət doğrudan da işsizlyii azaltmaq istəyirsə, onda iqtisadiyyatı liberallaşdırsın, sahibkarlığın inkişafına mane olan amilləri – o cümlədən, korrupsiyanı, məmur sahibkarlığını aradan götürsün, onda işsizlik problemi təbii şəkildə çözüləcək:
Azərbaycan iqtisadiyyatı ümumilikdə 2014-cü ilin sonundan, neftin qiyməti düşməyə başlayandan sonra pisləşməyə başlayıb, əsas iş yerlərinin olduğu dövlət tikinti layihələri əvvəlki illərə nəzərən azalıb. Bu ilin əvvəlindən, neftin qiymətinin artması ilə cüzi iqtisadi artım müşahidə olunsa da, iqtisadiyyat üç il əvvəlki göstəricilərinə hələ də qayıtmayıb.