İctimaiyyət

Oqtay Gülalıyev: “Hakimiyyət cəmiyyətin fəallaşacağından qorxur”

Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Oqtay Gülalıyev “Amerikanın səsi”nə müsahibəsində “Həmrəylik marafonu”nun məqsədlərindən və hüquq- mühafizə orqanlarının müdaxiləsindən danışıb.

“Həmrəylik marafonu”nda lazımi məbləğ toplandımı? Bu sualın cavabında O.Gülalıyev deyib ki, marafon cəmi bir saat davam etdi və polisin müdaxiləsi ilə dayandırıldı. Amma hazırda fərdi şəkildə davam etdirilir.

Vəsait etiraz aksiyası iştirakçılarının cərimələrinin ödənilməsi üçün toplanır. Lazım olan məbləğ 11 min manatdır. Bir saat ərzində 3080 manat yığılıb. Hüquq müdafiəçisi əlavə edib ki, vəsait toplanması davam edir və lazımi məbləğ yığılacaq.

“Biz polisin müdaxiləsini pisləyirik, bu, qanuna və sərbəst toplaşmaq azadlığına ziddir. Marafonun keçirildiyi Müsavat Partiyasının mənzil-qərargahının

mühasirəyə alınması və polis zabitlərinin iclas zalına girməsi absurd və qanunsuzdur”, – O.Gülalıyev qeyd edib.

Hakimiyyət vətəndaş cəmiyyətinin, müxalifətin və sıravi vətəndaşların fəallaşacağından qorxur.

“Hakimiyyət insanların hüquq və azadlıqlarının təmin edildiyini bildirir” sualının cavabında O.Gülalıyev deyib ki, iyunun28-də “Həmrəylik marafonu”nun dağıdılması, siyasi partiyanın ofisinin mühasirəyə alınması, onun üzvlərinin oradan çıxarılması Azərbaycan insan hüquqlarının vəziyyətindən xəbər verir.

Eyni zamanda “Gəncə işi” də ölkədə insan hüquq və azadlıqlarının acınacaqlı durumda olduğunu göstərir. Günahsız insanlar dövlət əleyhinə çıxışlarda ittiham olunaraq həbs edilib. Həbs edilənlər amansız işgəncələrə məruz qalıb, bir neçə nəfər guya polisə müqavimət göstərdiyinə görə güllələnib.

“Sonradan məlum olur ki, bu insanlar günahsızdır. Hansı hüquq və azadlıqdan danışmaq olar? Hesab edirəm ki, Azərbaycan insan haqları dünyada ən çox pozulan ölkələrdən biridir. Çoxsaylı beynəlxalq təşkilatlar da bu fikri bölüşür”, – O.Gülalıyev bildirib.

Daha çox göstər
Back to top button