İctimaiyyət

Vəkil Sadıqov müdafiə etdiyi şəxsə görə təhdid olunduğunu deyir

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan jurnalist Polad Aslanovun vəkili Elçin Sadıqov təhdid edildiyini deyir.

Məlumatı vəkil Elçin Sadıqov “Facebook” hesabında paylaşıb.

Vəkil bildirib ki, əvvəl jurnalist Polad Aslanovu müdafiə etməməyi üçün xəbərdarlıqlar ediblər, sonra isə təhdidə keçilib:

“Bu gün Polad Aslanovun yenidən dindirilməsi barədə vəsatət qaldırdıqdan sonra istintaqın rəhbərliyi məni hədələdi və təhdid etdi”.

Vəkil qarşılaşdığı hədə və təhdidlə əlaqədar Prezidentə müraciət edəcəyini bildirib:

“Bu məsələ ilə bağlı ölkə rəhbərliyinə yazılı şikayət edəcəm və xahiş edəcəm ki, vəkilin müstəqilliyinin və təhlükəsiz fəaliyyətinin təmin olunmasına göstəriş versin”.

“Xeberman.com” və “Press-az.com” informasiya saytlarının təsisçisi və redaktoru Polad Aslanov iyunun 13-də dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb.

O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Daha çox göstər
Back to top button