Azərbaycanda hərbi hissələrin birində partlayışda yaralanan hərbçilərin sayının çox olduğu bildirilir

Azərbaycanın Ağstafa rayonundakı hərbi hissələrin birində baş verən partlayış nəticəsində yaralananların çox olduğu deyilir. Hadisə iyulun 6-darayonun Qırlı kəndi ərazisində baş verib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, partlayış nəticəsində iki hərbi qulluqçu – gizir Amiddin Şahmalı oğlu Ağalarov və kiçik çavuş Samir Çingiz oğlu Salahov həlak olub, gizir Nurlan Rəhim oğlu Məmmədov ağır yaralanıb.
“Criminal.az” yaralıların sayının rəsmi məlumatda deyildiyindən çox olması haqda məlumat yayıb. Saytın yazdığına görə, partlayış nəticəsində 9 hərbiçi yaralanıb. Ağstafa rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, hadisə günü saat 8.50-də 11 nəfər gətirilib. Onlardan Amiddin Şahmalı oğlu Ağalarov və Samir Çingiz oğlu Salahov gətirilərkən keçiniblər.
Digər 9 yaralı isə ağır dərəcəli termiki yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra hospitala göndəriliblər.
Meydan TV saytın təqdim etdiyi siyahını araşdırıb və yazılanlar təsdiqini tapıb. Ağstafa Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, xəstəxanaya ümumilikdə 11 nəfər gətirilib, onlardan ikisi vəfat edib. Həlak olan hərbçilərdən biri, 1988-ci il təvəllüdlü Samir Salahov Ağstafa rayonunun Dağkəsəmən kəndindəndir.
Xəstəxananın növbətçi həkimi isə bu barədə danışmaq səlahiyyətinin olmadığını, gələn yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Gəncə və Bakı şəhərindəki hospitallara göndərildiyini deyib. Onun sözlərinə görə, hazırda xəstəxanada yaralı yoxdur.
Ağstafa Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinin müdiridi Ziyafət Cəlilova Meydan TV-yə deyib ki, ümumilikdə 11 nəfər gətirilib, 1 nəfər yolda keçinib, digər hərbçi isə xəstəxanada həyatını itirib.
Hadisənin baş verdiyi ərazinin – Qırlı kəndinin icra nümayəndəsi olayı təsdiqləsə də, ətraflı məlumat verməkdən çəkinib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa Rayon Şöbəsindən isə bildirdilər ki, onlarda yaralıların sayının 9 olduğu haqda məlumat var:
“Hadisə hərbi hissədə baş verib, bunun bizə nə aidiyyatı var? Biz yalnız onu bilirik ki, hadisə nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb”.