Təhlil

Anar Məmmədli: Azərbaycanda azad demokratik seçkilərin keçirilməsi üçün lazımi şərait yoxdur

Azərbaycanda azad demokratik seçkilərin keçirilməsi üçün lazımi şərait yoxdur. Bu fikri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədli “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, 2019-cu il dekabrın 27-də keçiriləcək bələdiyyə seçkisi ərəfəsində seçki üçün vacib olan amillərin böyük əksəriyyəti təmin olunmayıb. Normal seçki qanunvericiliyi yoxdur, sərbəst toplaşma, ifadə azadlığı, qanunun aliliyinə lazımi qaydada riayət olunmur.

Ekspert müxalifət partiyalarının yerli seçkilərə marağının olmamasını bələdiyyələrin statusunun aşağı olması, onların real səlahiyyətinin, vəziyyətə təsir etmək imkanlarının olmaması ilə izah edib. Yerlərdə hakimiyyət prezidentin təyin etdiyi administrasiya rəhbərlərinə məxsusdur. Digər səbəb isə düzgün rəqabətin olmamasıdır. Ancaq bütün ölkə boyunca olmasa da, Bakı, Sumqayıt, Gəncədə bələdiyyə seçkilərinə qatılmaq olar.

“Vətəndaş cəmiyyəti institutları seçkilərin moniotorinqini lazımi səviyyədə həyata keçirməyə qadirdimi?” sualının cavabında A.Məmmədli deyib ki, ölkədə siyasi təşkilatlar, vətəndaş qrupları, fərdi müşahidəçilərin effektiv monitorinqi üçün mühit yoxdur. Müşahidəçilər tərəfindən toplanan materiallar araşdırılmır.

“Bizim təşkilata qarşı münasibət, bizə qarşı məhkəmə çəkişmələri, ardınca cinayət işi və həbslər hakimiyyətin müşahidəçilərə münasibətinin göstəricisidir”, – A.Məmmədli bildirib.

Bundan əlavə, digət ciddi problemlərdən biri maliyyə çatışmazlığıdır. Üçüncüsü, insan resursudur. Monitorinqin aparılması üçün ekspertlər və təlimçilər hazırlanmalıdır, ancaq hakimiyyət bunda maraqlı deyil.

Bəzən yerli müşahidəçiləri, sadəcə, qeydiyyata almırlar. Yerlərdə vətəndaşların çoxu maraq göstərir, ancaq onlar Bakıya gəlməli, ərizə və sənəd verməlidirlər ki, onları qeydiyyata alsınlar. Halbuki, bunu online rejimdə də etmək olar.

Seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün nə etmək lazımdır? A.Məmmədlinin fikrincə, ilk növbədə siyasi iradə olmalıdır. Hökumət hakimiyyət orqanlarının xalq tərəfindən formalaşmasını qəbul etməlidir. Bundan əlavə, seçki qanunvericiliyi dəyişdirilməli, bütün əlaqədar tərəflərin iştirakı ilə seçki komissiyaları yenidən formalaşdırılmalıdır. Nəhayət, seçki prosesində cəmiyyətin bütün təbəqələrinin, bütün qrupların – vətəndaş cəmiyyəti təşkilatları, siyasi partiyaların sərbəst iştirakı üçün addımlar atılmalıdır. “Bunlar olmadan ölkədə beynəlxalq standartlara uyğun seçki keçirmək mümkün deyil”, – A.Məmmədli bildirib.

Daha çox göstər
Back to top button