AŞPA komissarı Azərbaycanda vəkilliklə bağlı problemləri müzakirə edib

AŞPA-nın İnsan Haqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycana səfəri çərçivəsində iyulun 9-da bir qrup hüquq müdafiəçisi, vəkil və vəkillikdən kənarlaşdırılan hüquqşünaslarla görüşüb. Görüşdə ölkədə insan hüquqlarının durumu, vəkillik fəaliyyəti, media azadlığı məsələləri diqqət mərkəzində olub.
Vəkil İradə Cavadova Amerikanın Səsinə müsahibəsində bildirib ki, görüşdə əsasən vəkillər və Vəkillər Kollegiyası ilə bağlı problemlərdən danışılıb.
“Görüşdə çox ciddi məsələlərə toxunuldu. Vəkillərin Vəkillər Kollegiyasından kənarlaşdırılmasının səbəblərindən danışdıq. Bəzi vəkillər bank hesablarının bağlanması ilə bağlı iradlarını bildirdi. Bəzi vəkillərə lüzumsuz yerə tənbeh, töhmət verilməsi, səbəbsiz yerə fəaliyyətinin dayandırılması, hüquq mühafizə orqanlarının müraciəti əsasında vəkillərə qarşı başlanan inzibati icraat məsələləri müzakirə olundu,” o qeyd edib.
Cavadova bildirib ki, AŞPA nümayəndəsi səslənən propblemləri ümumiləşdirib hökumət qurumları qarşısında qaldıracaq. Həm də bir neçə ay ərzində bu problemləri əhatə edəcək hesabat hazırlanacaq.
Cavadova hesab edir ki, vəkillərin müstəqilliyinin əlindən alınmaması və onların media ilə işləməsi çox vacibdir.
Bununla yanaşı, Vəkillər Kollegiyasi bir qayda olaraq bu qurumda ciddi islahatlar aparıldığını, vəkillərin hüquqlarının qorunduğunu bildirir.
Qeyd edək ki, son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.
Vəkillər Kollegiyası bir qayda olaraq vəkillərin fəaliyyətinə xitam verilməsini onların qanun və əsasnaməni pozması ilə izah edir.