Beynəlxalq

ASMAUİ işgəncə faktlarının araşdırılmasını tələb edib

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq (ASMAUİ) Gəncə hadisələri ilə əlaqədar ittiham olunan Aydın Qurbanovun iyulun 10-da təcridxana həbsxanasında vəfat etməsilə bağlı bəyanat yayıb.

Qurum hesab edir ki, o, “işgəncə nəticəsində aldığı xəstəlikdən” ölüb. “Vəkillər Aydın Qurbanovun vəziyyətinin ağır olması ilə bağlı dəfələrlə məhkəməyə müraciət ediblər və onun ev dustaqlığına buraxılmasını xahiş ediblər. Lakin bu müraciətlərə məhəl qoyulmayıb”, – ASMAUİ-nin koordinatoru Elşən Həsənov Turan-a bildirib.

“Bu, Azərbaycan həbsxanalarında məhbusun ölməsilə bağlı ilk hadisə deyil”, – o əlavə edib.

O, bloger Mehman Qələndərovun, “Tolışi sado” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun, İslam Partiyasının sər müavini Vaqif Abdullayevin, “Tərtər işi” və s. üzrə həbs olunmuş bir qrup hərbçinin həbsxanalarda ölməsini yada salıb.

“Gəncə hadisələri üzrə həbs edilənlər, istisnasız olaraq, qeyri-insani rəftara, amansız işgəncələrə məruz qalıblar. Bu işgəncələrə 1948-ci il İnsan Hüquqları Bəyannaməsi ilə birmənalı şəkildə qadağan edilib. Eyni zamanda məhkəmələr həbs olunanların və onların vəkillərinin işgəncə faktları ilə bağlı bəyanatlarına məhəl qoymurlar”, – bəyanatda deyilir.

ASMAUİ bütün işgəncə faktlarının araşdırılmasını və məsul şəxslərin cəzalandırılmasını, bilərəkdən ədalətsiz hökm çıxaran hakimlərin səlahiyyətdən məhrum edilməsini, əsl məhkəmə sistemi islahatlarının aparılmasını, həmçinin öz vəzifəsini icra edə bilməyən ombudsmanın dəyişdirilməsimi tələb edir.

Həmçinin bütün siyasi məhbusların azadlığa buraxılması tələb olunur.

Daha çox göstər
Back to top button