İctimaiyyət

“Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrası sahəsində durum sabit, ağır olaraq qalır”

Avropa Məhkəməsinin rəsmi saytındakı məlumata görə, Avropa Məhkəməsində gözləyən işlər üzrə Azərbaycan 2150 iş üzrə yeddinci yerdə qərarlaşıb.

Ekspertlər ölkədə Avropa Məhkəməsinin qərarlarının tam şəkildə yerinə yetirilmədiyi qənaətindədir. Ekspertlərin və barələrində Avropa Məhkəməsinin qərarları olan şəxslərin Amerikanın Səsinə müsahibələrini təqdim edirik:

Hüquqşünas İntiqam Əliyev bildirib ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrası sahəsində durum sabit, ağır olaraq qalır. Hüquqşünasın dediyinə görə, Azərbaycan hökuməti Avropa Şurası Nazirlər Komitəsinə konkret işlər üzrə qərarların (çox zaman onlar maddələr üzrə qruplaşdırılır) icrası ilə bağlı dinləmələrdə qərarların implementasiyası sahəsində gördüyü işlər barədə “palaz-palaz” sənədlər təqdim edir.

İlham Hüseyn müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heytəinin üzvüdür. Avropa Məhkəməsi onun inzibati həbslə bağlı məhkəmə qərarından şikayətini 2017-ci ildə təmin edib. Qərara görə, Azərbaycan hökuməti müxlaifət fəalına 12 min avro kompensasiya ödəməlidir.
“Bu 12 min avronun 8500-ü hər ay min avro olmaqla ödənildi. Amma, artıq bir il yarımdır ki, ödəniş edilmir. Şikayət edirəm, deyirlər ödəniləcək. Amma, mənimlə eyni qrupda olan şəxslərin hamısına kompensasiya tam ödənilib. Mən kompensasiyanın ödənilməməsinin səbəbini siyasi faəliyyətimlə əlaqələndirirəm,” İlham Hüseyn Amerikanın Səsinə bildirib.

Jurnalist Təzəxan Mirələmli Amerikanın Səsinə müsahibəsində Avropa İnsan Hüquqları Məhkəməsinin onunla bağlı qərarının Azərbaycan hökuməti tərəfindən tam yerinə yetirilmədiyini bildirib. Avropa Məhkəməsinin jurnalistlə bağlı 3 qərarı olub. Birinci qərar 2015-cildə olub və qərarın kompensasiya hissəsi tam ödənilib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi dörd qərar qəbul edib.
“Məhkəmə işgəncələr, qeyri-qanuni həbs, iki halda isə deputat seçkiləri ilə bağlı mənim şikayətlərimi təmin edib. Avropa Məhkəməsinin işgəncələrlə bağlı qərarından sonra yerli məhkəmələrin bütün qərarları ləğv edildi. İlkin məhkəmə keçirildi və işlər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə göndərildi. Orada istintaqı yarımçıq saxladılar. Baxmayaraq ki, məhkəmədə mənə işgəncə verən adam dindirildi və məhkəmə işgəncə olması barədə qərara gəldi. Sadəcə işgəncə verənlərin dairəsini və məsuliyyətini müəyyən etmək üçün iş istintaq idarəsinə göndərildi və indiyədək orada qalıb. Qeyri-qanuni həbslə bağlı Ali Məhkəmənin Plenumu tərəfindən bütün əvvəlki məhkəmə qərarları ləğv olundu. Sonra iş Ağır Cinayətlərə dair Məhkəməyə göndərildi. Məhkəmə guya hökumətin təyin etdiyi vəkillər gəlmədiyindən işə baxılmasını qeyri-müəyyən vaxtadək təxirə salıb. Üç ildən artıqdır ki, qeyri-müəyyən vaxt tamam olmur. İşin baxışı məhkəmə insansiyasında dondurulub. Deputat seçkiləri ilə bağlı Avropa Məhkəməsinin iki qərarı isə hələ də baxılmamış saxlanılır. Bu qərarlara hətta Ali Məhkəmənin Plenumunda da baxılmayıb,” partiya sədri Amerikanın Səsinə müsahibəsində qeyd edib.

Daha çox göstər
Back to top button