Təhlil

“Azərbaycanda korrupsiyaya qarşı düzgün mübarizə aparılmır”

ASTNA.biz: “Bir neçə vaxtdır İspaniyanın İbiza adasında azərbaycanlı turistin 1,2 milyon avroluq saatının oğurlanması haqda məlumat yayılıb. Həmin saatın azərbaycanlı məmurlardan birinin oğluna aid olduğu bildirilir. İlkin məlumatlarda saatın sahibinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun oğlu, 22 yaşlı Sübhan Məmmədli olduğu deyilsə də, rəsmi qurum elə həmin gün təkzib yaydı. Daha sonra sosial mediada onun sahibinin SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev olduğu haqda sənəd dolaşmağa başladı. SOCAR rəsmi olaraq İbizada oğurlanmış 1,2 milyon avroluq saatın qurumun prezidenti Rövnəq Abdullayevin oğluna məxsus olması haqda yayılan məlumatı yerli mediaya nə təsdiqləyib, nə də təkzib edib. Ümumiyyətlə, azərbaycanlı məmurların, onların ailə üzvlərinin bu cür qalmaqallarda adı ilk dəfə deyil ki, hallandırılır. Amma biz həmin məmurların cəzalandığını görmürük. Bəs, görəsən, korrupsiyada adı hallandırılan məmurlar niyə cəzalandırılmır? Müstəqil ekspert Zöhrab İsmayıl mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

Saat məsələsi həqiqətən də böyük rezonans doğurdu. Bu, çox ciddi məsələdir. Xarici medianın yazdığı turistin SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev olduğu bəlli oldu. Polis arayışı bunu təsdiq etdi. Burada bir məsələ var. Əgər normal bir ölkə olsaydı, yazılanları araşdırardı ki, Rəşad Abdullayev bu vəsaiti necə əldə edib. Bir çox ölkələrdə antikorrupsiya qurumları var, antikorrupsiya prokurorluğuvar, məhkəməsi var. Onlar bu prosesi aparardılar. Sübuta yetirilsəydi, həmin şəxsi cəzalandırardılar. Amma təəssüf ki, Azərbaycanda belə mexanizmlər yoxdur. Bunu kim araşdıracaq? Yeri gəlmişkən, Rəşad Abdullayev SOCAR-ın təsis etdiyi SOCAR Trading şirkətində işləyir. Bunun özü maraq konflikti yaradır. Onun atası SOCAR prezidentidir vəoğlu SOCAR-ın təsis etdiyi şirkətdə vəzifə tuta bilməz. Bu, Azərbaycanın antikorrupsiya qanunvericiliyinə tamamilə ziddir. Bu mexanizmlər Azərbaycanda işləmir. Ümumiyyətlə, əgər qanunvericiliyimiz belə məsələləri nəzərdə tutsa da, bunun icra problemləri var. Burada yalnız ümid ona qalıb ki, baş verən hadisə prezident İlham Əliyevin diqqətini cəlb edibsə, o, hansısa bir cəzalandırma mexanizmini işə salsın. Belə hallarda isə adətən heç qanuni cəzalandırma mexanizmlərindən söhbət getmir. Hakimiyyətin içərisində mövcud olan əslində hüquqazidd, amma qəbul olunmuş cəzalandırma mexanizmləri işə düşə bilər. Bunu isə zaman göstərəcək. Hər halda bu baş verənlərin Rövnəq Abdullayevin işinə təsiri olacaq. Çünki bu, çox ciddi məsələdir. Bununla bağlı başqa məsələlər də ortaya çıxacaq. Çünki bu hadisə beynəlxalq medianın diqqətini cəlb edib. Xarici media, araşdırmaçı jurnalistlər daha dərin məsələni araşdırıb, başqa nüansları da ortaya çıxara biləcəklər. Baxmayaraq ki, Azərbaycanda istintaq orqanları belə şeyləri araşdırmır.

Indiki hakimiyyətin işləmə mexanizminə baxsaq, burada qanunun aliliyi əsas prinsip deyil. Burada əsas prinsip sədaqətdir. Kim məsələləri həll edir, həmçinin kim çox pul gətirir. Sonuncu məsələ olduqca vacibdir. Tutaq ki, hansısa bir şəxs, məsələn, Beynəlxalq Bankın sədri təyin olunur, SOCAR prezidenti təyin olunur, əsas meyarlardan da biri odur ki, kim daha çox pul gətirir. Ona görə də burada korrupsiya faktları ortaya çıxdıqda, bu, hakimiyyətin özündə təəccüb yaratmır. Bu, o vaxt hakimiyyətin içərisində, daha yuxarı eşelonda oturanlarınnarazılığına səbəb olur ki, onların nəzarətindən kənar oğurluq halları baş verir. Yəni, onlar bunun miqyasını, baş verməsini müəyyən edə bilməyiblər. Bununla bağlı həmin korrupsioner məmur onları məlumatlandırmayıb. Məsələn, vaxtilə Beynəlxalq Bankda baş verənləri götürək. Bu barədə məlumatlar var idi. Sadəcə, hakimiyyətdə onun miqyası barədə məlumat yox idi. Və bundan başqa hakimiyyətin yuxarı eşalonunda o vaxt korrupsioner məmur qəzəbə tuş gəlir ki, onun rəhbərlik etdiyi qurumda hansısa böhran, problem baş versin. Beynəlxalq Bankda da bu, baş vermişdi. Bankın sədrini həmin vaxt milli yəhlükəsizlik naziri himayə edirdi. Belə olur ki, korrupsioner məmuru hakimiyyətin içərisində nüfuzu, təsir imkanı, rıçaqları olanhansısa nazir, yüksək vəzifə sahibi himayə edir. Ona görə də ona toxuna bilmirlər. Həmin yüksək vəzifəli şəxs yıxılandan sonra onun himayə etdiyi korrupsioner məmurları yoxlamağa başlayırlar və vəziyyəti aydınlaşdırırlar.

Həmin şəxslərin rəsmi gəlirləri onlar üçün qəpik-quruşdur. Çünki onların həyat tərzi başqadır. Onlar eyni zamanda müxtəlif səviyyələrdə pul daşıyırlar. Bu daşımalardan da sui- istifadə edirlər. Amma onların rəsmi gəlirləri də az deyil. Onlar milyonları haradan alırlar? İşlədiyi qurumlardan oğurlayırlar. Burada hansısa əməliyyatlara görə faizlər alırlar, hansısa tenderləri öz şirkətləri həyata keçirir. Burada qiymətləri şişirdirlər. Məsələn, bu yaxınlarda SOCAR-ın hesabatı açıqlandı və məlum oldu ki, onun xalis mənfəəti azalıb.SOCAR-ın mənfəəti ona görə azalıb ki, şirkətin xərcləri şişirdilib. Tutaq ki, bahalı satınalmalar təşkil olunur, hansısa xərclər altında pullar mənimsənilir, buna görə də şirkətin xalis mənfəəti azalır. Həmin o xərclərin şişirdilməsi də Rövnəq Abdullayevin və şirkətin başqa rəhbərliyində olan şəxslərin cibinə gedir. Milyonları buradan əldə edirlər. Başqa qurumlarda da eynidir. İstər Beynəlxalq Bank olsun, istər “Azərenerji” olsun. Belə qurumları dövlət mülkiyyətində saxlamaqda məqsəd budur. Ora hansısa xarici investisiya cəlb oluna bilər. Yaxına buraxmırlar. Biz irad tutanda deyirlər ki, bura strateji obyektlərdir. Amma faktiki olaraq burada məqsəd odur ki, həmin şirkətlər vasitəsi ilə həm o şirkətlərin gəlirlərini mənimsəsinlər, həm də həmin şirkətlər vasitəsi ilə büdcə vəsaitlərini mənimsəsinlər. Çünki həmin dövlət şirkətlərinə dövlət büdcəsindən çox böyük vəsaitlər ayrılır.

İstintaq orqanlarının, eləcə də prokurorluğun vəzifə səlahiyyətlərindən biri odur ki, mediada yayılmış məlumatlarla bağlı araşdırma başlatsın. Araşdırsın ki, bu, nə dərəcədə ciddidir. İstər beynəlxalq, istər yerli mediadasübutlarla, sənədlərlə ortaya qoyulan faktlar prokurorluqda araşdırılmalıdır. Bunun üçün qanunvericilikdə hansısa maddənin olub-olmamasının fərqi yoxdur. Yəni, bu istintaq orqanının vəzifəsidir ki, bu cür məlumatları araşdırsın. Eyni zamanda bu məsələlər dövlət şirkətində baş verdiyi üçün Hesablama Palatası bunu araşdırmalıdır. Bu da onların vəzifələrindən biridir. Onlar dərhal belə məsələləri araşdırmalıdır. Çünki söhbət ictimai maliyyə əsasında fəaliyyət göstərən dövlət şirkətlərindən gedir. Amma niyə araşdırılmır? Azərbaycandakı siyasi mühit buna imkan vermir. Baş Prokurorluqda Zakir Qaralov, Rüstəm Usubov olmasa, onların yerində tutaq ki, bir başqası olsun, lap elə düzgün adam kimi imici olan şəxs olsa belə, indiki hakimiyyətin dönəmində onlar, məsələn, eləSOCAR-la bağlı hansısa bir araşdırma apara bilməz. Çünki siyasi mühit buna imkan vermir. Yalnız bu, hansısa göstəriş əsasında baş verə bilər. Araşdırsalar belə, onlara “dur” deyəcəklər. Qanunlar işləmədiyi üçün onlar da durmaq məcburiyyətində qalacaqlar. Bu amil imkan vermir ki, belə araşdırmalar aparılsın.

Azərbaycanda korrupsiyaya qarşı düzgün mübarizə aparılmır. Sadəcə olaraq, müxtəlif beynəlxalq təşkilatların antikorrupsiya gündəliyi var. Buna görə korrupsiyaya qarşı bəzi tədbirlər görülür ki, daha çox imitasiya xarakteri daşıyır. Uzun illərdir ki, antikorrupsiya deyəndə Azərbaycan hökuməti ASAN xidməti misal gətirir. Başqa bir nümunəsi yoxdur. ASAN xidmət də artıq çoxdan yaranıb. Bəs ASAN xidmətdən sonra nə baş verib? Bəzi xırda məsələlər təbii ki, həll olunur. O məsələlər həll olunur ki, onlar çox böyük ictimai narazılıq yaradırdı. ASAN xidmətin yaranmasında da həmin məsələlər mühüm rol oynadı. Məsələn, insanlar böyük növbələrə durmalı olurdular, pasport ala bilmirdilər, sənəd almaq üçün süründürməçiliyə məruz qalırdılar və.s. Bu da insanları kütləvi olaraq narazı salırdı. ASAN xidmət “ərəb baharı”ndan sonra ortaya çıxdı. Həmin vaxt hakimiyyət bir az təşvişə düşmüşdü. Çünki hər yerdə narazılıq, etiraz, inqilablar baş verirdi. Hakimiyyətlər dəyişirdi. Ona görə də bizim hakimiyyət həmin vaxt ASAN xidməti yaratmaqla bəzi ictimai narazılıq yaradan məsələləri həll etdi. Eyni zamanda bu il də hakimiyyət bəzi addımlar atdı. Məsələn, çox böyük narazılıq yaradan şəhid ailələrinin problemləri həll olundu və yaxud soğan-kartofun ixracına qoyulan vergi aradan qaldırıldı. Yəni, ictimai narazılıq yaradan məsələlər qismən həll olunur. Amma ümumən Azərbaycanda korrupsiyaya qarşı böyükmiqyaslı bir mübarizə yoxdur. Ancaq əsaslandırmağa çalışırlar ki, guya böyük bir mübarizə var. Məişət səviyyəsində olan rüşvət və s. kimi məsələlərin həllində müəyyən bir addımlar atılıb. Amma korrupsiya dediyimiz dövlət büdcəsinin vəsaitlərinin talanması, dövlət şirkətlərindəki korrupsiya hallarına qarşı çox təəssüf ki heç bir tədbir görülmür”.

Daha çox göstər
Back to top button