İctimaiyyət

İslama aid müqəddəs yerlərə ziyarətlər Qafqaz Müsəlmanları İdarəsinin monopoliyasına verilir

İslama aid olan digər müqəddəs yerlərə ziyarətlər də kollektiv şəkildə, məhz Həcc ziyarətində olduğu kimi Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında həyata keçirilməsi nəzərdə tutulur.

Bu açıqlamanı APA-ya Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı verib.

Komitə sədri artıq “Dini etiqad azadlığı haqqında” Qanuna müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin olduğunu da söyləyib.

İlahiyyatçı Elşad Miri komitə sədrinin açıqlaması ilə bağlı sualı sualla qarşıladı:

“Ümumiyyətlə, bugün bu sahədə monopoliya mövcud deyilmi? Faktiki olaraq, bugün Həcc ziyarətinə yalnız Qafqaz Müsəlmanları İdarəsinin vasitəsilə getmək mümkündür”.

Elşad Mirinin sözlərinə görə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin bu məsələyə müdaxilə hüququ yoxdur və qurumun nizamnaməsinə ziddir:

“Çünki ziyarət dini məsələdir və dini məsələ ilə dövlət komitəsinin məşğul olması qadağandır. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi dini icmalarla məşğul olmalıdır. Dini məsələ ilə dinlə bağlı qurumlar məşğul ola bilər”.

E.Miri deyib ki, Səudiyyə Ərəbistanının son zamanlar siyasətindən sonra Umra ziyarətini Qafqaz Müsəlmanları İdarəsindən başqa bir neçə şirkətə də verilib.

“Həmin şirkətlər idarənin monopoliyasına müəyyən qədər yox deyib və ciddi şəkildə qiymət endiriminə gediblər. Ona görə Qafqaz Müsəlmanları İdarəsi qiymətləri aşağı salmaq məcburiyyətində qalıb. Əvvəllər Umra ziyarətinə 2100, 2200 dollara aparırdılarsa, 950 dollardan 1200 dollar arasında dəyişən çox möhtəşəm mənzərə yaranıb”.

Bundan başqa o deyib ki, insanlar İslamda olmadığı halda mövcud situasiyada hazırda həyata keçirilən Kərbəla, Məşhəd ziyarətlərinə gedirlər, yəni idarənin özü yox, həmin adamların özlərinin qurduqları şirkətləri vasitəsilə bu həyata keçirilir.

“İndi sual yaranır, özəl şirkətlərin həyata keçirdiyi ziyarətlərdə hansı narazılıqlar olur? Məsələn, mən idarənin vasitəsilə getmişdim. Narazılıq var idi, təşkilatçılara da fikirlərimi çatdırdım. Amma özəl şirkətlərin vasitəsilə də getmişəm, qiymət aşağı, təşkilatçılıq da yüksək səviyyədə. Mən Allahşükür Paşazadənin bu işi niyə Mübariz Qurbanlının vasitəsilə həyata keçirməyə çalışdığını anlamıram. Mən buna yalnız təəssüflənirəm. Milli Məclisdə Dini komitənin sədri Siyavuş Novruzovdur, qurumdakılar da Allahşükür Paşazadəyə xüsusi simpatiyası olan, qaloş pirinə haqq qazandıran adamlardır”.

Daha çox göstər
Back to top button