İctimaiyyət

Fərman Ceyranlının axtarışa verilməsinin səbəbi

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda fəaliyyət göstərən “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlını axtarışa verib. Onun hansı səbəbdən axtarışa verilməsi rəsmi açıqlanmasa da, Meydan TV bununla bağlı məlumatları əldə edib.

F.Ceyranlı özü də axtarışa verilməsilə bağlı fikirlərini açıqlayıb. Hazırda Gürcüstanda həbsdə olan azərbaycanlı həkimin mövqeyini onun yaxınları yayıblar.

F.Ceyranlı bildirib ki, “Lancet” tibb mərkəzinin orqan köçürmə şöbəsi Ümumdünya Səhiyyə Təşkilatının təlimatına , Gürcustan qanunlarında nəzərdə tutulan qaydalara uyğun fəaliyyət göstərib.

F.Ceyranlının sözlərinə görə, artıq 7 ildir Azərbaycanla heç bir əlaqələrə malik deyil:

“5 ildir fiziki olaraq ayağım belə Azərbaycan torpağına dəyməyib. Mən Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs olunmuşam, həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər. Bu, nə deməkdir?! Mən Gürcüstan vətəndaşıyam, burada çalışıram. Azərbaycandan gələn xəstələrlə bağlı Səhiyyə Nazirliyinin və artıq məhkəmənin qərarı var. Onların işində heç bir cinayət tərkibi aşkar olunmayıb. Açıq qapını açırlar. Artıq hədlərini aşırlar…”

F.Ceyranlı bir neçə il əvvəl Gürcüstana gedib. Orda “Lancet” klinikasının yaradıcılarından biri olub və 2017-ci il mayın 22-də həbs edilib.

O, dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunub.

Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb.

F.Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifətinə yaxın olması ilə izah edib.

Gürcüstan Apelyasiya Məhkəməsi dekabrın 20-də Fərman Ceyranlının cəzasını 6 ildən 2 il 3 aya endirib.

Daha çox göstər
Back to top button