İctimaiyyət

Gəncə hadisələri üzrə məhkəmədə hakimlə vəkillər arasında qalmaqal yaşanıb

Gəncə hadisələrinə görə həbs olunanlardan 8 nəfərlik qrupun (Bəkrəm Əliyev, Elmir Hüseynzadə, Emil Məmmədov, Mirzə Hüseynov, Şahin Verdiyev, Vüqar Yusifov, Həbib Qurbanov və Asif Cavadov) işinə baxan hakim Dadaş İmanov prosesdə müdafiəni həyata keçirən vəkilləri hədələyir. Ardıcıl bir neçə məhkəmə iclasında prosesdən uzaqlaşdırılmaqla, Vəkillər Kollegiyasının rəhbərliyinə şikayət etməklə, başqa aidiyyəti orqanlara xəbər verməklə hədələnən vəkillər hakim Dadaş İmanova yazılı etiraz veriblər. Etirazda da göstəriblər ki, bu hakim işin obyektiv, ədalətli nəticəsində maraqlı deyil, hərtərəfli araşdırma aparmaqdan imtina edir, vəkillərin bu məqsədlə qaldırdıqları vəsatətlərin heç biri təmin olunmur, hətta polis idarələrinə adi sorğuları belə göndərmir.

Vəkillər etirazlarında göstəriblər ki, məhkəmə prosesinə sədrlik edən hakim Dadaş İmanov müdafiəçilərə qarşı çox kobud davranır, aşağılayıcı ifadələrdən istifadə edir, həm təqsirləndirilən şəxsləri, həm də onları hədələyir․

Müdafiəçilər bildirir ki, sədrlik edən hakim onlarla yanaşı, təqsirləndirilən şəxslərin də sözünü kəsir, işgəncə barədə danışanda müdaxilə edir. Onlar məhkəməyə və ya prokurora etiraz edəndə hədələyir.

Müdafiə tərəfinin verdiyi onlarla vəsatətin təmin olunmadığını, hakimin vəsatətlərə sonra müşavirədə qərar verməli olduğu halda, öncədən – müzakirələrdə öz mövqeyini ortaya qoyduğunu bildirən vəkillərin sözlərinə görə, məhkəmə zalında da onlara müvəkkillərilə normal ünsiyyət imkanı yaradılmır.

Daha çox göstər
Back to top button