İctimaiyyət
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru barəsində cinayət işi başlanıb

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru, keçmiş vəkil Vüqar Poladova qarşı başlanmış cinayət işinin təfərrüatları məlum olub. Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham olunan V.Poladovun ittiham olunmasına səbəb özüdür. Daha dəqiqi Baş prokuror Zakir Qaralova yazdığı məktubdur.
Criminal.az saytına daxil olan məlumata görə, V.Poladov baş prokurora, o cümlədən Baş prokuror yanında Korrpupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisinə məhkəmə hakimlərinə rüşvət verərək özü xeyrinə qərar çıxartdığı haqda məktub yazıb. O, məktubunda rüşvət verdiyinə görə baş prokurordan həbs edilməsini istəyib. Gözlənilməz məktubdan sonra V.Poladov Vəkillər Kollegiyasından xaric edilib və barəsində cinayət işi başlayaraq istintaqa verilib.
Onunla birlikdə Misir Əmirov da təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onlar barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.
V.Poladov Criminal.az saytına bildirib ki, Z.Qaralova heç bir məktub yazmayıb.
V.Poladov uzun müddət İctimai Televiziyada “İcra məmuru” rublikasının daimi müsahibi olub və ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib. Sonradan həmin sistemdən uzaqlaşıb və vəkil kimi fəaliyyətə başlayıb. 12 saylı vəkil bürosunun vəkili olub. Sonradan vəkillik fəaliyyətini də qeyri-müəyyən səbəbdən dayandırıb.