Gencə məhbusu: “Azərbaycan vətəndaşlığından imtina edirəm, aclığa başlayacağam”

‘Azərbaycan vətəndaşlığından imtina edirəm, aclığa başlayacağam…’
AzadlıqRadiosu yazır ki, Gəncə hadisələrinə görə həbs edilən Tural Bayramov belə deyib.
“Bu ittiham aktı dövlət adından yazılıb, baş prokurorun birinci müavini imzalayıb. Burada yazılıb ki, guya bizim polislərə müqavimət göstərdiyimizi əks etdirən videogörüntülər var. Hanı? Niyə qoymursunuz ortaya? Yoxdursa, niyə mənə 8 il həbs cəzası vermisiniz?”, – Gəncə olaylarına görə həbs olunan Tural Bayramovun sözləridir.
Həmin olaylarla bağlı həbs edilən 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Turalın 24 yaşı var. O, daha 10 nəfərlə birgə hakim önünə çıxarılıb.
Onlara 7 il 6 aydan 9 ilədək cəza kəsilib. Bu hökmdən verdikləri şikayətə Bakı Apellyasiya Məhkəməsində, ancaq Gəncə Apellyasiya Məhkəməsinin hakimləri baxır.
Təqsirləndirilən şəxslər istər birinci instansiya məhkəməsində, istərsə indi işgəncələrdən şikayətləniblər. Vəkillər də vəsatət veriblər ki, bu adamlar istintaq təcridxanasına gətiriləndə həkim müayinəsindən keçiriliblərsə, nəticələr məhkəməyə bildirilsin.
İyulun 18-də hakim istintaq təcridxanasından gələn cavabı açıqlayıb. Cavabda yazılıb ki, bu qrupdakı təqsirləndirilənlər – Tural Bayramov, Orxan Yağnəliyev, Ruslan Həsənov və başqaları Bakı istintaq təcridxanasına gətirilən gün həkim müayinəsindən keçiblər və onların üzərində yeni xəsarətlər aşkarlanmayıb.