İctimaiyyət

O.Gündüz: “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bloklanan saytların siyahısından ibarət resurs hazırlamalı idi”

Hurriyyet.org saytında «Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) bloklanan saytların siyahısından ibarət resurs hazırlamalıydı-Osman Gündüz» sərlövhəli yazı diqqət çəkir.

Müəllif internet sahəsindəki vəziyyət və problemlərlə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə söhbətləşib.

«İnterneti ölkəyə gətirən magistral (backbone) provayderlərdən biri – «DeltaTelecom» elan etdi ki, provayderlər üçün internet xidmətlərinin topdansatış qiymətlərini 70 faiz endirir. Adətən bu cür endirimlərdən sonra provayderlər də istifadəçilər üçün internet xidmətlərinin qiymətlərini endirirdilər və ya qiymətləri saxlayıb internetin sürətini qaldırırdılar. Bu dəfə bu, baş vermədi», – O.Gündüz qeyd edib.

O.Gündüz problemin həllini tapa bilməməsindən bəhs edərkən isə bunları söyləyib: «Səbəb isə belə izah olundu ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) tabe olan və internet bazarının 50 faizinə nəzarət edən dövlət provayderləri endirim etməkdən imtina edirlər. Bu məsələni tənzimləməli olan qurum da elə NRYTN olduğundan problem öz həllini tapmadı».

O.Gündüz daha sonda da deyib ki, ölkədə xeyli sayt var ki, bloklanıb. Amma o əlavə edib ki, indiyə kimi bloklanan saytların sayı, siyahısı məlum deyil: «Bloklanan saytların siyahısını heç kim bilmir. Çünki həmin «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanuna görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bloklanan saytların siyahısından ibarət resurs hazırlamalı və bunu açıqlamalı idi».

İnternet Forumun prezidenti vurğulayıb ki, bu onlayn resursda qara siyahıya düşən saytların bağlanma səbəbləri qeyd olunmalıydı: «Sayta daxil olmaq istədikdə isə bloklanma səbəbi göstərilən mesaj-məhkəmə qərarı görünməli idi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə indiyədək də bu resursu hazırlamayıb».

Daha çox göstər
Back to top button