BaşlıcaBeynəlxalq

Azərbaycan din, etiqad və ifadə azadlığını müdafiə edən bəyanatı imzalamaqdan imtina edib

İyulun 18-də Azərbaycan ABŞ-ın dəstəklədiyi düşüncə, vicdan, din, etiqad və ifadə azadlığını müdafiə edən əsas bəyanatı imzalamaqdan imtina edən yeganə Cənubi Qafqaz ölkəsi olub. Məlumatı “Turan”-ın Vaşinqton müxbiri verib.

Bildirilir ki, ABŞ Dövlət Departamentində keçirilən “Tarixdə ən böyük dini azadlıq hadisəsi” adlanan üçgünlük nazirlər toplantısının sonuncu günündə ABŞ vitse-prezidenti Maykl Pens və dövlət katibi Mayk Pompeo 106 ölkədən yüzlərlə nazir, dini lider və fəalın qarşısında çıxış edib.

Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı təmsil edib. Ermənistan nümayəndə heyətinə isə XİN rəhbəri Zöhrab Mnatsakanyan rəhbərlik edib.

ABŞ hökuməti yığıncağa müxtəlif bölgələrdə dini azadlıqla bağlı narahatlığa dair 9 bəyanat təqdim edib.

Bunların arasında terrorizmə qarşı mübarizə; Birma-Myanmadakı vəziyyət; Çində dini azlıqların vəziyyəti və s. bəyanatlar olub. İştirakçı ölkələrə əsas məsələlər üzrə ümumi narahatlığı nümayiş etdirmək üçün bəyanatlara qoşulmaq imkanları verilib.

Azərbaycan nümayəndə heyəti küfr və mürtədlik haqqında qanunlara dair bəyanatları dəstəkləməyib. Digər Cənubi Qafqaz ölkələri- Gürcüstan və Ermənistan bütün bəyanatları dəstəkləyiblər.

“Beynəlxalq birliyin nümayəndələri olaraq biz birlikdə düşüncə, vicdan, din və ya əqidə və ifadə azadlıqlarını dəstəkləyirik”, – əsas bəyanatda deyilir.

Eyni zamanda sənəddə qeyd olunur ki, küfr və mürtədlik haqqında qanunlardan tez-tez kütlə tərəfindən din adına zorakılığa bəraət qazandırmaq və ya şəxsi incikliklə bağlı təqiblər üçün bəhanə kimi istifadə olunur.

Azərbaycanın imzalamaqdan imtina etdiyi digər sənəd “Terrorizmə qarşı mübarizə dini azadlığın sıxışdırılması üçün bəhanə kimi” adlanır.

Bununla belə, Azərbaycan da daxil olmaqla, 30-a yaxın iştirakçı ölkə bütün konfessiyaların dini icmalarının sülh işinə töhfə verə bilməsinin tanınmasına dair daha bir bəyanat imzalayıblar.

“Biz bütün hökumətləri insanların istənilən dini ənənəyə inanıb-inanmamaq, etiqad edib-etməmək hüququna hörmətlə yanaşmağa çağırırıq”, – sənəddə vurğulanır.

Həmçinin Bakı qeyri-dövlət subyektlərinin din xadimləri tərəfindən sui-istifadəsi, eləcə də ibadət yerlərinin qorunması haqqında bəyanatlara qoşulub.

“Dini təqiblər bütün dünya birliyi üçün problemdir”, – vitse-prezident Mayk Pens və dövlət katibi Mayk Pompeo iştirakçılara bildiriblər.

Daha çox göstər
Back to top button