Müttəhimlər Əli Həsənovun xanımının məhkəməyə gəlməsini tələb edir

İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə “Kaspi” MMC-də 564 min manatın mənimsənilməsilə bağlı növbəti proses keçirilib.
Bu işdə ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın da adı keçir. O, “Kaspi Liseyi”nin təsisçisidir.
Təqsirləndirilən şəxslər MMC-nin mühasibləri Tural Məmmədov və Fərahim Möhbalıyevdir. Onlara qarşı CM-nin 179.4-cu (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Növbəti məhkəmə prosesi iyulun 26-na təyin edilib.
İttiham aktına görə(Turan), 2018-ci ilin aprel-oktyabr aylarında 454 şagirdin təhsili üçün 1 mln. 366 min manat pul ödənilib. Bu vəsaitin 564 min manatını baş mühasib və mühasib rəsmi sənədləşməyə daxil etməyiblər və mənimsəyiblər.
Liseyin direktoru Elnur Əliyevin DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciəti əsasında cinayət işi başlanıb.
Əvvəlki məhkəmə proseslərində müttəhim Tural Məmmədov deyib ki, 564 manatın bir hissəsini şəxsi ehtiyacları üçün götürüb.