İctimaiyyət

“Azərbaycan mediası son bir ildə sürətlə peşəkarlıqdan uzaqlaşır”

AzadlıqRadiosu: İyulun 22-də Azərbaycanda Milli mətbuat günüdür. Bu ilin aprelində açıqlanan Mətbuat Azadlığı İndeksinə görə, Azərbaycan 180 ölkə arasında 166-cı yerdədir. Başqa sözlərlə, ötənilki sıralamayla müqayisədə Azərbaycan daha 4 pillə geriləyb.

“Freedom House” təşkilatının son hesabatında Azərbaycan Ermənistan və Gürcüstandan fərqli olaraq “qeyri-azad ölkələr” sırasında yer alıb. Hesabatda deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalardan, dövlət resurslarından istifadə edir.

Beynəlxalq qurumlar Azərbaycanı söz, ifadə azadlığını məhdudlaşdırmaqda ittiham edir. AzadlıqRadiosu yerli mütəxəssislərdən belə bir suala cavab axtarıb.

Media hüququ bilicisi Ələsgər Məmmədli geriləmənin, basqıların davam etdiyini bildirir, son bir ildə onlayn medianın məhkəmə qərarları olmadan bloklanmasına və bununla bağlı məhkəmə çəkişmələrinə diqqət çəkir:

“Söhbət “Arqument.az”, “”Crminal.az” saytlarından gedir. Sonra iki redaktora, şərti də olsa, 5 il 6 ay həbs cəzası verildi. Prokurorluq onlara guya dövlət əleyhinə məlumat yaymaqla bağlı xəbərdarlıq etdi, Gəncə hadisələrinin işıqlandırılması konkret olaraq qanunsuz əməl kimi qiymətləndirildi və onları cəzalandırdılar. Bu, nonsensdir. İnformasiya varsa, jurnalist onu yayacaq. Bunun yayımına əngəl olmağın özü ifadə azadlığına ən böyük basqıdır. Digər ağrılı məqam diffamasiyaya görə iddiaların sistemli şəkildə qaldırılması, məhkəmə qərarlarının olmasıdır”.

Ələsgər Məmmədli Milli Televiziya Radio Şurasının son bir ildə rəsmi lisenziya verdiyi Real TV-nin cəmiyyətdə nifrət aşıladığını, insanları aşağıladığını, “müxalif fikirli insanlara çörək satmayın, dərman satmayın, taksiyə mindirməyin” kimi çağırışlar etdiyini xatırladır. O, nifrətə çağırışla bağlı hər hansı cəza verilmədiyini vurğulayır:

“Azərbaycan mediası son bir ildə sürətlə peşəkarlıqdan uzaqlaşır, özəlliklə elektron media, Real TV-nin simasında televiziyalar da bura daxildir. Sosial mediada xaricdən yayım aparanların da eyni nifrət dilindən istifadə etməsi, diffamativ ifadələrin çox yayılması diqqət çəkir. Bu da Azərbaycan jurnalistikasının peşəkarlıq aspekti baxımından ciddi müzakirələrə yol açır”.

Ələsgər Məmmədli son bir ildə qanunvericiliyə dəyişiklik edilmədiyini deyir və bunu “artıq qanunlara müdaxilə ediləcək məqam qalmaması” ilə izah edir.

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda KİV haqqında qanunvericilik Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsindən uzaqlaşıb.

“Bu da gələcəkdə böyük ehtimalla 10-cu maddənin pozulması ilə bağlı Azərbaycan əleyhinə qərarların çıxmasına yol açacaq”.

Daha çox göstər
Back to top button