İctimaiyyət

“Xaricdə siyasiləri, bloqerləri, jurnalistləri ələ keçirə bilməyəndə onların qohumlarını həbs edirlər”

«Xaricdən yayımlanan TuranTV-nin əməkdaşı Türkel Azərtürkə qarşı başlanmış qaralama kampaniyasının zərbəsi yenə Emin Saqiyevə dəyib».

AzadlıqRadiosu yazır ki, bunu Milli Şuranın sədri Cəmil Həsənli bildirib.

C.Həsənli deyir ki, T.Azərtürkün bacanağı, cəzaçəkmə müəssisəsində böyrək xəstəliyindən əziyyət çəkən E.Saqiyevi yenə «kars»a (cərimə kamerası) salıblar. «Görünür, hüquq-mühafizə orqanlarının başbilənləri uşaq vaxtı «O olmasın, bu olsun» filminə çox baxıblar. Xaricdə təqib etdikləri siyasiləri, bloqerləri, jurnalistləri ələ keçirə bilməyəndə onların buradakı qohumlarını ya narkotik ittihamı, ya da polisə müqavimət adı ilə şərləyib həbs edirlər. Nə fərqi var, o, olmasın, bu olsun», – Milli Şura sədri baş verənlərə belə ironik münasibət ifadə edir.

C.Həsənli qeyd edir ki, iki ildir məhbəs həyatı yaşayan E.Saqiyev də məhz T.Azərtürkə görə, saxta ittihamla tutulub: «Qisasçılığın bütün növlərin sınaqdan keçiriblər. Ataya görə övladın, övlada görə atanın, qardaşa görə qardaşın, bacıya görə qardaşın, əmioğluya görə bütün nəslin, kürəkənə görə qayının həbs olduğun görmüşdük. Amma bacanağa görə bacanağa saxta narkotik ittihamı ilə 7 il iş verilməsi Azərbaycan hüquq sisteminin yeni bir istiqamətidir».

Milli Şura sədrinin Azərbaycanda bir çox insanların qohumlarının siyasi və tənqidi mövqelərinə görə şərlənərək həbs edilmələri ilə bağlı dediklərinə isə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl belə oxşar şikayətlərə cavab olaraq Azərbaycanın hüquq -mühafizə orqanlarından bəyan ediblər ki, heç kim ölkədə qohumunun siyasi mövqeyinə görə həbs və təzyiqlərlə üzləşmir.

Daha çox göstər
Back to top button