İctimaiyyət

Həbsdə olan Müsavat partiyasının üzvü aclıq aksiyasını davam edir

Həbsdə olan Müsavat partiyasının üzvü Azad Həsənov saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında 3 gün bundan əvvəl başladığı aclıq aksiyasını davam etdirir.

Bu barədə Turana iyulun 25-də Həsənovla görüşən vəkil Osman Kazımov məlumat verib.

Həsənov aclıq aksiyasını ona qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesinin süni uzadılmasına etiraz olaraq elan edib.

A.Həsənovun, yoxsa onu tutan polislərin doğru danışdığını aydınlaşdırmaqdan ötrü məhkəmə xeyli vaxtdır Bakı şəhər Baş Polis İdarəsinə sorğu göndərib. Hər dəfə məhkəmədə məlum olur ki, cavab gəlməyib və beləcə, proses ertələnir. İyulun 22-hakim İradə Həsənzadə deyib ki, polis idarəsindən hələ də cavab ala bilməyiblər.

Kazımovun sözlərinə görə, Həsənov halsız idi və baş gicəllənməsindən şikayət edirdi.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə Turana Azad Həsənovun aclıq aksiyasının keçirilməsi barədə xəbəri təkzib etdi. “Hal-hazırda məhbuslardan heç kəs aclıq aksiyasını keçirmir”.

Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub. Müsavat Partiyası bəyanat verərək onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər.

Daha çox göstər
Back to top button