Siyasət

İran-Azərbaycan sərhədində atışma olub, yaralanan var

Azərbaycan DSX-nın məlumatına görə, İrandan ölkəyə narkotik vasitə gətirilməsinə cəhd edilib. İyulun 27-də Azərbaycan sərhədçisi yaralanıb. Hadisə saat 22:45-də Füzuli rayonu ərazisində baş verib.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin yaydığı məlumata görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilib.

Bildirilir ki, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb. Dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib. Baş vermiş atışma zamanı sərhəd naryadının üzvü çiyin nahiyəsindən yaralanıb.

Dövlət sərhədindən narkotik vasitə keçirməyə müvəffəq ola bilməyən sərhəd pozucularının geri qaçdığı bildirilir. Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri əraziyə ezam ediliblər.

“İran İslam Respublikasının sərhəd nümayəndəsi ilə görüş, hadisə yerinə birgə baxış keçirilmiş, aşkar olunmuş narkotik vasitələr və digər əşyalar təqdim olunmuş, sərhəd pozucularının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilmişdir,”-məlumatda deyilir.


Daha çox göstər
Back to top button