İctimaiyyət

Azərbaycanda hər il 70-90 trafikinq qurbanı aşkar edilir, ekspert

Trafikinqə qarşı mübarizə insan alverinin aradan qaldırılması ilə məhdudlaşmır, bu təzahürü ortaya çıxaran sosial və iqtisadi problemlər də aradan qaldırılmalıdır. Bu fikri Turan-a müsahibəsində “Təmiz Dünya” QHT-nin rəhbəri Mehriban Zeynalova iyulun 30-da qeyd edilən Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə əlaqədar bildirib.

O, belə problemlər arasında erkən nikahları, məişət zorakılığını, gender bərabərsizliyini, qızların təhsilinə qoyulan məhdudiyyətləri qeyd edib.

Əhalinin məlumatlılığının artırılması, insanların trafikinqlə üzləşdikdə haraya müraciət edəcəkləri, haradan kömək alacaqları barədə məlumatlandırılması dövlətin vəzifəsidir. Bunun üçün dövlətin vətəndaş cəmiyyəti ilə tərəfdaşlığı, QHT-lərin və dövlət orqanlarının qarşılıqlı fəaliyyəti əhəmiyyətlidir.

Zeynalovanın0 fikrincə, Azərbaycanda bu sahədə vəziyyətin yaxşılaşması müşahidə olunur. O, nümunə kimi məişət zorakılığı və trafikinq qurbanları üçün “Təmiz Dünya” QHT nəzdindəki sığınacağı göstərib.

Zeynalovanın sözlərinə görə, hər il Azərbaycanda 70-90 nəfər trafikinq qurbanı kimi tanınır. Hazırda Azərbaycanda təkcə trafikinq qurbanlarına deyil, potensial qurbanlara da yardım göstərilir. Milli Fəaliyyət Planı miqrantlara, həssas qruplara aid uşaqlara, dilənçilərə və digər şəxslərə yardımı da əhatə edir.

Onun sözlərinə görə, xarici ekspertlər trafikinqə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirildiyini, qurbanlara xidmətin keyfiyyətinin artırıldığını, preventiv tədbirlər görüldüyünü qeyd edir.

Bu zaman Zeynalova ABŞ Dövlət Departamentinin trafikinqə qarşı mübarizə haqqında son hesabatında Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı işin yavaşladığının qeyd edilməsindən təəssüfünü bildirib.

Onun sözlərinə görə, Azərbaycanda hazırda QHT-lər trafikinqə qarşı mübarizə prosesinə cəlb ediliblər, regionlarda hədəf qruplar üçün treninqlər keçirirlər. Eyni zamanda, trafikinqə görə cəzanın sərtləşdirilməsi üzrə iş aparılır.

QHT-lər 4-cü Milli Fəaliyyət Planının müzakirəsinə cəlb edilib. Əsas məsələ qurbanlara göstəriləcək xidmətlər paketi, o cümlədən pul vəsaiti ödənilməsidir. Bu, ABŞ Dövlət Departamentinin müəyyən etdiyi minimum standartlarda nəzərdə tutulub.

Hazırda Əmək Nazirliyi üç regionda qurbanlara dəstək mərkəzlərinin yaradılması üzrə tender elan edib, deyə Mehriban Zeynalova bildirib.

Daha çox göstər
Back to top button