İctimaiyyət

“Bir gündə 6 gəncin ölümü və FHN-in məsuliyyətsizliyi”

“Hürriyyət.org”da “Bir gündə 6 gəncin ölümü və FHN-in məsuliyyətsizliyi” sərlövhəli məqalə oxumaq olar.

Sayt çimərlik mövsümü ilə bağlı suda boğulma hallarının artması və bunun səbəbləri barədə müəllifin fikirlərinə yer verib.

Yazıda bu günlərdə Xəzər dənizində 4 nəfər gəncin boğulduğunu xatırladılır, elə həmin günlərdə daha iki nəfərin eyni aqibəti yaşadığını bildirir.

Müəllif bir gündə 6 gəncin itirilməsini dəhşətli hadisə adlandırır və bunun hələ rəsmi açıqlama olmasını vurğulayaraq gerçəkdə bu itkilərin daha çox olmasına işarə edir.

Məqalə müəllifi bu ölümlərə münasibəti də adekvat saymır: “Bəzi hallarda isə “üzə bilmirdilər, suya girməzdilər” deyərək, məsuliyyəti ölən şəxslərin üzərinə atmağa çalışırıq. O cümlədən, rəsmi qurumlar da “hadisə qeyri-çimərlik (nəzarətsiz) ərazidə baş verib” deyə məsuliyyətdən boyun qaçırmağa çalışır”.

Müəllif Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin də hadisələrin “qeyri-çimərlik” və “nəzarətsiz ərazi”də baş verməsi barədə açıqlamasını məsuliyyəti üzərindən atmaq cəhdi kimi dəyərləndirir.

Müəllifə görə, Xidmətin “qeyri-çimərlik” və yaxud “nəzarətsiz ərazi” ifadələri özü absurddur, üstəlik hətta belə olsa da nazirlik həmin gənclərin ölümü ilə bağlı məsuliyyətdən boyun qaçıra bilməz.

Digər tərəfdənsə müəllif Kürdəxanı sakinlərinə istinadən deyir ki, qəsəbə sakinləri uzun illərdir həmin ərazidən çimərlik kimi istifadə edir və heç bir rəsmi qurum buranın “nəzarətsiz ərazi” olduğunu bildirməyib, o cümlədən, bu yerin “qeyri-çimərlik” ərazisi olduğu haqda da hər hansı xəbərdaredici nişan mövcud deyil.

Müəllif bundan irəli gələrək nazirliyin sözügedən 6 nəfərin “qeyri-çimərlik” ərazidə boğulması iddiasını yanlış adlandırır.

Yazı müəllifi bu ölümlərə daha bir səbəb kimi Xəzər dənizi sahillərinin bəzi məmur və yaxın adamları tərəfindən hasarlanmasını, çimərlik üçün yararlı olan əksər ərazilərə girişin pullu olmasını, bu səbəbdən vətəndaşların “qeyri-çimərlik” adlı ərazilərdə çimməyə üstünlük verdiklərini göstərir.

Müəllif deyir ki, bu ərazilərdə isə nazirliyin xilasediciləri fəaliyyət göstərmir və faciələri önləmək mümkün olmur, amma FHN-in vəzifəsi bütün çimərliklərdə təhlükəsizliyi qorumaqdır və bunun üçün büdcədən külli miqdarda vəsait ayrılır, lakin həmin pul təyinatı üzrə xərclənmir.

Daha çox göstər
Back to top button