İrlandıyalı futbolçular Azərbaycanda polisin təzyiqi ilə üzləşdiklərini deyirlər

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Bakıda “Qarabağ”la qarşılaşacaq İrlandiyanın “Dandalk” klubunun iki futbolçusu Dənizkənarı Milli Parkda polis müdaxiləsinə məruz qalıb.
Bu barədə “İrishmirror” saytı məlumat yayıb. Bildirilir ki, İrlandiya təmsilçisinin iki futbolçusu – Sin Qannon və Ceymi Makqret Dənizkənarı Parkda olarkən, polis müdaxiləsi ilə qarşılaşıblar. Futbolçular komandanın yerləşdiyi otelin qarşısında şəkil çəkdirərkən və İrlandiyadan olan jurnalistlərə müsahibə verərkən, bir neçə polis onlara yaxınlaşaraq, çəkilişə müdaxilə edib.
Məsələylə bağlı danışan Qannon, bunları deyib: Şəhərdə gəzərkən, bu oğlanlar (polislər) gəldilər. Həmin vaxt irlandiyalı jurnalistlərlə birlikdə idim və ətrafıma baxdım. Kiçik miniatür polis maşını Ceymiyə doğru gedirdi. Ceymi kifayət qədər sakit adamdır, amma onun azarbaycancasının yaxşı olduğunu düşünmürəm. Deyəsən, bizi polis bölməsinə aparırdılar. Onlar sadəcə, icazəmizin olmadığını dedilər və beş dəqiqə ərzində ətrafımızda 8-9 polis peyda oldu. Nə baş verdiyini bilmirdim. Polislər deyirdilər ki, biz burda şəkil çəkə bilmərik və bunu üçün icazə almalıyıq. Onlar hamısı telefonla zəng etdilər və biz ordan uzaqlaşmağa çalışdıq. Yenidən otelə qayıtdıq. Tutulmamağımız əla oldu”.