Azərbaycanda ilk dəfə qarayara xəstəliyindən insan ölümü baş verib

Azərbaycanda qarayara xəstəliyinə tutulan iki nəfərdən biri ölüb, ikinci xəstənin müalicəsi davam edir, Səhiyyə Nazirliyi bildirir.
Nazirliyin məlumatında deyilir ki, Sabirabad rayon Mərkəzi Xəstəxanasına müraciət edən iki nəfər hərarətlərinin qalxmasını soyuqdəymə ilə əlaqələndirsələr də, onlardan alınan nümunələrdə qarayara diaqnozu təsdiqlənib.
Xəstələr iyulun 25-də Bakıya ağır vəziyyətdə gətirilərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib, dörd gün sonra isə onlardan biri – 60 yaşlı kişi ölüb, qurum bildirib. İkinci xəstənin müalicəsi davam edir.
Səhiyyə Nazirliyi bildirib ki, Azərbaycanda bu xəstəlik 2014-cü ildən bəri hər il 10-a yaxın adamda aşkarlanıb, bu il də 7 nəfərdə qeydə alınıb. “İnsan ölümü isə ilk dəfə qeydə alınıb”, nazirlik açıqlayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin məlumatında deyilir ki, qarayara bütün növ kənd təsərrüfatı heyvanlarının, eləcə də vəhşi heyvanların iti gedişli yoluxucu xəstəliyidir. Törədicinin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.
Qurumun məlumatında deyilir ki, bu xəstəliyə yoluxma həssaslığı azalan göstəricilərlə qoyun və marallar, atlar, qaramal, dəvə və keçilər, donuz it və pişiklərdir. Quşlardan isə dəvəquşu bu xəstəliyə yoluxur.